19.04.2021 13:33
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTOREPORTAJ| Azərbaycanda Ermənistanı “dəli edəcək” muzey açılıb
 
15.04.2021
Yeni Akit, Türkiyə
 

  Cənubi Qafqazda postmüharibə dövrü: sülh, problemlər və perspektivlər
 
14.04.2021
MODERN DIPLOMACY, Aİ
 

  FOTO| “Ermənilər cəbhədəki məğlubiyyətin əvəzini mülki şəxslərdən çıxmağa şalışıb”
 
12.04.2021
SABAH, Türkiyə
 

  MÜSAHİBƏ| Yaz Alkoqol Festivalının sədası
 
12.04.2021
BJNEWS, Çin
 

  Erməni işğalı: Qarabağda mədəni irsin məhvi
 
11.04.2021
MONDAFRIQUE, Fransa
 

 
 
Bakının Qarabağla bağlı “ağıllı” planı parlaq gələcək vəd edir

 
 



DAILY SABAH, Türkiyə
31.03.2021


Müəllif: Vüsal Qasımlı (Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru)

Ermənistanla Azərbaycan arasında ötən ilin noyabrında imzalanmış bəyanatdan dərhal sonra Bakı azad edilmiş Qarabağın dezaktivasiyasına, bərpasına və reinteqrasiyasına başlayıb. Xatırladaq ki, region Ermənistanın təxminən 30 illik işğalı dövründə ciddi dağıntılara məruz qalıb.

Bu yaxınlarda azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası və bununla bərabər bölgədə əhalinin kütləvi məskunlaşdırılması “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də göstərilmiş 5 milli prioritetdən biridir. Qeyd edək ki, ölkənin milli prioritetləri BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik” məqsədlərinə əsaslanır.

Azərbaycan Qarabağın dirçəlişi, “ruhlar məskənləri”ni “ağıllı şəhərlər”ə, “ağıllı kəndlər”ə çevirmək üçün bütün resurslarını, eyni zamanda maraqlı tərəfləri səfərbər etmək əzmindədir. Üstəlik, o, ölənin ən həssas qrupu olan 1 milyon qaçqın və məcburi köçkünün ehtiyaclarının ödənməsinə də xüsusi diqqət yetirir.

Diqqətdə olan ilk istiqamətlər

Zəngilan rayonunda artıq “ağıllı kənd”in təməli qoyulub. Layihənin icrası 5 komponent üzrə həyata keçiriləcək: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri.

Bu arada, BMT-nin 2020-ci ildəki hesabatında Azərbaycan əhalisinin 2030-cu ilə qədər 600 min nəfər artacağı proqnozlaşdırılır.

Böyük sosial-iqtisadi layihələrə əsaslanan şəhərsalma ilə bağlı uzaqgörən planlar isə müharibə nəticəsində dağılmış Qarabağ regionunu inkişaf etdirəcək. Azərbaycanın hədəfi Qarabağ regionunda dairəvi iqtisadiyyata keçidi sürətləndirməkdir. Bu, BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”ndəki bir neçə məsələni əhatə edir. Məsələn, dayanıqlı şəhərlər və icmalar, məsuliyyətli istehlak və istehsal, iqlim dəyişikliyinə qarşı mübarizə və s.

Müharibədən sonra regionun bərpası uzun zaman alacaq. Bu, kifayət qədər böyük vəsait tələb edən prosesdir. Odur ki, Bakı artıq azad edilmiş ərazilərdə effektli idarəçilik sistemi qurmağa başlayıb. Azərbaycan prezidenti İlham Əliyev bu bölgədə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli məqsədilə Əlqaləndirmə Qərargahı yaradıb. Qərargah Qarabağın inkişaf strategiyasını həyata keçirəcək böyük dövlət qurumlarının fəaliyyətini sinxronlaşdırır. Bundan başqa, Azərbaycanda prezidentinin xüsusi nümayəndələri institutu təsis olunub. Bu nümayəndələrdən biri Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşaya təyin edilib.

Yeni yaradılan növbəti qurumlardan biri Qarabağ Dirçəliş Fondudur. Fond azad edilmiş Azərbaycan ərazilərin bərpasına maliyyə yardımı göstərəcək. Bu yaxınlarda yaradılmış Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi isə Ermənistanın minalanmış ərazilərin xəritələrini Bakıya verməməsinə rəğmən, artıq fəaliyyətə başlayıb.

Gündəmdəki resurslar

Neftlə zəngin Azərbaycan “yaşıl enerji” sahəsinin inkişafına sadiqdir. Ölkənin daxili su resurslarının dörddə birinin (illik 2,56 milyard kubmetr su) mənbəyi isə elə həmin Qarabağdadır. Tərtər, Bazarçay, Həkəri kimi əsas və digər kiçik çayların hidroenerji sahəsində böyük potensialı var. Hesablamalara əsasən, Qarabağda 3000-4000 meqavat günəş, 300-500 meqavat külək enerjisi potensialı mövcuddur.

İranla birgə inşa edilən “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının ümumi istehsal gücü 280 meqavat olacaq. Bundan başqa, Kəlbəcər-Laçın zonasında da su elektrik stansiyalarının tikintisi planlaşdırılır. Onların ümumi istehsal gücü 120 meqavat olacaq. Sadalanan stansiyalar sayəsində region “yaşıl enerji”yə arxalana biləcək. Başqa sözlə, bölgənin enerjiyə olan ehtiyacını “yaşıl enerji” təmin edəcək.

Üstəlik, Kəlbəcərin gündəlik 3093 kubmetr, Şuşanın isə 412 kubmetr olan mineral su ehtiyatları da regionda “yaşıl enerji” sahəsinin inkişafı baxımından böyük potensiala malikdir. Burada əsas məsələ təkcə enerjinin “yaşıl” sahədən əldə olunması deyil, həm də onun ötürülməsi, paylanılması və istehlakında ən effektli və “ağıllı” sistemlərdən istifadə edilməsidir.

Bir sözlə, Azərbaycan hökumətinin “yaşıl enerji” zonası elan etdiyi Qarabağda ətraf mühitinin mühafizəsi səylərini artırması əslində, ölkənin qlobal iqlim dəyişikliyi probleminə cavabıdır.

Meşəsalma səylərinin gücləndirilməsi

İşğal dövründə ağacların kütləvi qırılması nəticəsində Qarabağdakı meşələrin ümumi sahəsi 174 min hektara qədər azalıb. Xatırladaq ki, müharibəyədək bu rəqəm 228 min hektar olub.

Azərbaycan dövləti artıq Qarabağda meşələrin bərpasına da başlayıb. Bəsitçay və Qaragöl dövlət təbiət qoruqlarında, həmçinin Laçın, Qubadlı, Arazboyu və Daşaltı dövlət təbiət yasaqlıqlarında müvafiq planlar icra edilir. Ətraf mühitin əsas komponentlərindən olan meşələr Azərbaycanın iqlim dəyişikliyinin miqyasını azaltmaq, həmçinin səhralaşmanın, bioloji müxtəlifliyin itirilməsinin və atmosferdəki qaz balansının pozulmasının qarşısının alınması səylərinə əvəzsiz töhfə verəcək. Bu, Qarabağın sosial-iqtisadi inkişafına da öz təsirini göstərəcək.

Qarabağın bərpasına dövlət və özəl investisiyanın cəlbi bölgənin dayanıqlı iqtisadi inkişafının təməlini təşkil edir. Azərbaycan dövləti 2021-ci ildə regiona 1,3 milyard dollar (10,61 milyard lirə) investisiya yatıracaq. Bu, Azərbaycanın ümumdaxili məhsulunda qeyri-neft sektorunun payını artıracaq. Nəticənin necə olacağı isə bəllidir: yeni yolların çəkilməsi, qaz və elektrik obyektlərinin tikilməsi və digər infrastruktur layihələri regionun iqtisadiyyatının artmasına töhfə verəcək, gələcək iqtisadi artım üçün böyük potensial yaradacaq.

Dövlətin Qarabağa investisiyaları əslində, katalizator rolu oynayacaq və özəl sərmayə yatırımı üçün təmələ çevriləcək. Bu gün Türkiyə, İtaliya, Böyük Britaniya, Pakistan və İsraildən Qarabağın bərpasına investisiya axını var. Beləliklə, Qarabağ regionu mədənçıxarma, metallurgiya, yaradıcı sənayelər, qida sənayesi, trikotaj, turizm, kənd təsərrüfatı və “yaşıl enerji” sahələrinin inkişafı baxımından böyük potensiala malikdir. 

Azərbaycanın Şuşa şəhəri tarixən musiqi və mədəniyyət mərkəzi olub. O, məhz buna görə yaradıcı sənayelər yaradıb və bu tendensiyaları bütün Qafqaza yayıb. Odur ki, Şuşa şəhəri bu il Azərbaycan mədəniyyətinin paytaxtı elan edilib. Üstəlik, onun 2022-ci ildə türk dünyasının, yaxın gələcəkdə isə islam aləminin paytaxtı elan ediləcəyi gözlənilir.

“Solou modeli”nə əsasən isə, Qarabağa kapital qoyuluşu əlavə dəyərin yaradılması ilə nəticələnəcək. Belə ki, bölgədə əlavə dəyərin yaradılması sıfırdan başlanacaq. Məlumdur ki, nəticələri dayanıqlı etmək üçün isə uzun yol qət etmək lazımdır – məsələn, Almaniya və ya Yaponiya kimi. Bu ölkələr İkinci Dünya müharibəsinin xarabalıqlarında rəqabət qabiliyyətli iqtisadiyyat qura biliblər.

“Standard & Poor's” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli suveren reytinqini “BB+/B” səviyyəsində təsdiqləyib. Azərbaycanın reytinq üzrə proqnozu isə “mənfi”dən “sabit”ə yüksəldilib. “Standard & Poor's” bunu Qarabağ müharibəsinin bitməsi və üçtərəfli atəşkəs razılaşmanın imzalanması nəticəsində ölkədə maliyyə sektoru ilə bağlı təhlükəsizliyin və tədiyyə balansı risklərinin azalması ilə əsaslandırıb.

Qarabağın bərpasının çoxşaxəli xarakter daşıyacağını nəzərə alsaq, digər ölkələrin təcrübələrinə əsaslanan müxtəlif institutların maliyyə yardımına ümid edə bilərik. Məsələn, Beynəlxalq Valyuta Fondu postmünaqişə ölkələrində iqtisadiyyatın artımı və yoxsulluğun azalması ilə bağlı proqramlara diqqət ayırır. Dünya Bankı isə infrastruktur layihələri, həmçinin təhsil və səhiyyə müəssisələrinin bərpası ilə məşğul olur. Avropa Yenidənqurma və İnkişaf Bankı nəqliyyat və bank sahələrinə, kiçik biznesə maliyyə yardımı ayırır, Asiya İnkişaf Bankı isə məcburi köçkünlərin doğma şəhərlərinə qayıtmasında əsas maliyyə mənbəyi ola bilər. Bu bankın postmünaqişə ərazilərində səhiyyə və yoxsulluqla bağlı problemlərin həllində iştirakı da mümkündür.

Bütün region üçün mənfəət

Dağlıq Qarabağ münaqişəsinin həlli regionda iqtisadi-ticari münasibətlərin dirçəlməsinə, nəqliyyat-kommunikasiya əlaqələrinin canlanmasına yol açır. Regionda, o cümlədən Cənubi Qafqaz ölkələrində iqtisadi fəallığın artması “Şimal-Cənub”, “Şərq-Qərb” dəhlizlərinin inkişafında maraqlı olan tərəflərin gözləntilərinə də cavab verir.

Xüsusilə Ermənistanla Azərbaycan arasında imzalanmış bəyanata əsaslanaraq söyləyə bilərik ki, Avropa İpək yolu, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü, Türkiyənin Mərkəzi dəhliz layihəsi və Azərbaycanın nəqliyyat və logistika imkanları Naxçıvan dəhlizi vasitəsilə bir-birini tamamlayacaq. Yeri gəlmişkən, bu dəhliz dənizə çıxışı olmayan Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikasının blokadasına da son qoyacaq. Üstəlik, Naxçıvan dəhlizi Avrasiya ölkələri arasındakı əlaqələri gücləndirəcək.

Bir sözlə, Azərbaycan Qarabağı inkşaf, sülh və təhlükəsizlik platformasına çevirir. Bu platforma regionun hələ istifadə edilməmiş potensialına əsaslanır.

Azərbaycan dünyada ən yaxşı tolerantlıq və multikulturalizm nümunələrindən biridir. O, artıq Qarabağın son müharibə nəticəsində və işğal dövründə dağıdılmış müsəlman və xristian irsinin bərpası ilə bağlı planlarını da elan edib.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: DAILY SABAH

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az