22.10.2020 18:48
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| Azərbaycan Prezidenti: “Ermənistanla sülh uzaqdadır”
 
22.10.2020
NIKKEI Asia, Yaponiya
 

  Paşinyan indi də bu oyunu oynayır!
 
22.10.2020
HABERTÜRK, Türkiyə
 

  Dağlıq Qarabağdakı gərginliyin arxasında nə dayanır?
 
21.10.2020
Əl-Cəzirə, Qətər
 

  MÜSAHİBƏ| Hikmət Hacıyev: “Azərbaycanın yeganə məqsədi sülhü bərqərar etməkdir”
 
21.10.2020
La Repubblica, İtaliya
 

  FOTOREPORTAJ| Yaşayış evlərinə raket zərbəsi: 12 ölü, 40-dan çox yaralı
 
20.10.2020
Daily Mail, Böyük Britaniya
 

 
 
Azərbaycan – terrorçuluğa qarşı beynəlxalq koalisiyanın fəal üzvü

 
 



HESPRESS, Mərakeş
09.10.2020


Müəllif: Mehman İsmayılov (politoloq)

Azərbaycan terrorçuluğa qarşı beynəlxalq mübarizəyə, qlobal səylərə fəal töhfə verir. O, terrorçuluğa qarşı beynəlxalq koalisiyanın fəal üzvlərindən birinə hələ ABŞ-da 2001-ci il sentyabrın 11-də törədilmiş terror aktından sonra çevrilib. Bu istiqamətdə beynəlxalq çağırışlara cavab olaraq, Azərbaycan Respublikası öz hava məkanını və hava limanlarını Əfqanıstanda “Əl-Qaida” və “Taliban” terror təşkilatları ilə mübarizə aparan beynəlxalq antiterror koalisiyasının üzünə açıb.

Ötən illər ərzində Azərbaycanın Əfqanıstan və İraqda antiterror koalisiyasının digər üzvlərilə birgə fəaliyyəti onun beynəlxalq terrorçuluqla mübarizəsinin nümunəsidir. Bu gün o, terrorçuluqla mübarizədə beynəlxalq əməkdaşlığı ən mühüm komponentlərdən biri hesab edir.

Digər ölkələrlə imzalanan ikitərəfli, üçtərəfli və çoxtərəfli sazişlərlə yanaşı, Azərbaycan terrorçuluğa qarşı mübarizə sahəsində regional və beynəlxalq əməkdaşlıq mexanizmlərində də fəal iştirak edir. Bu mənada xüsusilə BMT-nin Terrorçuluğa qarşı mübarizə üzrə Ofisi, ATƏT-in Transmilli Təhdidlər Departamenti, Avropa Şurasının Terrorçuluğa qarşı mübarizə üzrə Ekspertlər Qrupu (CODEXTER), eləcə də GUAM, Avropa İttifaqı, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı və digərlər qurumların adını çəkmək olar.

Bundan başqa, Azərbaycan terrorçuluqla mübarizə sahəsində daxili qanunvericiliyini mövcud beynəlxalq öhdəliklərə uyğunlaşdırmağa da çalışır. Bu məqsədlə qanunvericilik müntəzəm olaraq nəzərdən keçirilir, oraya zəruri əlavə və dəyişikliklər olunur. Bu gün Bakı terrorçuluqla mübarizə üzrə mövcud 12 beynəlxalq konvensiyanın hər birinə qoşulub, ölkə qanunvericiliyi bu konvensiyalara uyğunlaşdırılıb.

Lakin bu gün Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi terrorçuluqla mübarizəyə mane olan əsas amillərdəndir. Məsələ ondadır ki, işğal olunmuş ərazilər istər milli, istərsə də beynəlxalq nəzarətdən kənarda qaldığından, cinayətkar qruplaşmalar üçün sığınacağa çevrilib.

Azərbaycan özü hələ 1980-ci illərdən terrora məruz qalan ölkədir. Bu baxımdan, terrorçuluq onunçün yeni anlayış deyil. Azərbaycan ərazisində Ermənistanın bilavasitə təşəbbüsü, təşkilatçılığı və iştirakı ilə törədilmiş, minlərlə insan itkisinə səbəb olmuş terror aktlarına dair kifayət qədər əsaslı dəlillər mövcuddur. 1980-ci illərin sonlarından Azərbaycan ərazilərinə iddialar irəli sürən, onun ərazi bütövlüyünə təcavüz etmiş Ermənistan burada dəfələrlə terror aktları da törədib. Təəssüf ki, bu hücumıarın təşəbbüskarları və iştirakçıları hələ də azadlıqdadır, hələ də qanun qarşısında cavab verməyiblər.

Tarixə nəzər salsaq görərik ki, yetərli siyasi və hərbi gücün olmadığı şəraitdə erməni terrorçuluğu dünyanın hər tərəfinə səpələnmiş ermənilər üçün vahid yaşayış məkanının yaradılması işində əsas vasitə olub. İlk erməni siyasi institutları olan “Armenikan” (1885), “Hnçak” (1887) və “Erməni İnqilabi Federasiyası-Daşnaksütyun” (1890) “düşmənlər”lə mübarizədə əsas vasitə kimi məhz terrordan istifadə edib. Onlar terroru erməni etnosunun, erməni Qriqoryan kilsəsinin etnik-dini təriqətindən dövlətçiliyə malik monoetnik millətə çevrilməsində birləşdirici vasitə sayıblar.

Erməni icmasından hər zaman ciddi dəstək alan erməni terrorçuluğu qarşısına çıxan etnik qrupların nümayəndələrinə (o cümlədən ermənilərin özlərinə də) nifrətin, nifaqın əsl üzünü nümayiş etdirib. 1905-1907-ci illərdə, həmçinin 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilmiş amansız qətliam bunun bariz nümunəsidir. 1918-ci ildə azərbaycanlılar ən sevilən milli bayramlarını – Novruz bayramını qeyd edərkən, “Daşnaksutyun”un minlərlə silahlı terrorçusu Azərbaycanın şəhər və kəndlərinə basqına başlayıb, mülki əhalini misilsiz qəddarlıqla qətliama məruz qoyub. Həmin günlərdə 20000 dinc azərbaycanlı qətlə yetirilib, 167 Azərbaycan kəndi dağıdılıb, onlardan 35-i tamamilə yerlə-yeksan edilib.

Erməni terrorçuları etnik zəmində soyqırımı 1980-ci illərin ikinci yarısında Azərbaycan ərazisində əsasən sərnişin avtobuslarının və metro qatarlarının partladılması ilə davam etdiriblər.

1991-ci ildə Ermənistan Respublikası müstəqilliyini bərpa etdikdən sonra isə Azərbaycana qarşı ərazi iddiaları fonunda terrora dövlət səviyyəsində bəraət qazandırılmasına başlanılıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, həmçinin yeddi ətraf rayonun işğalı və ilhaqında da terrordan geniş istifadə olunub.

Erməni diasporu və xüsusi xidmət orqanlarının maliyyəsisi və təchizatı ilə Livan, Suriya, İran, Rusiya, Ukrayna, Yunanıstan, Bolqarıstan, Fransa və ABŞ-da yaşayan 6000-dən çox erməni Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin hərbi işğalında fəal iştirak edib. Nəticədə 1 milyondan çox azərbaycanlı ev-eşiyindən didərgin düşüb.

Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi terror aktlarının ən dəhşətlisi 26 fevral 1992-ci ildə Xocalı şəhərində baş verib. Bu soyqırım nəticəsində bir gecədə 613 azərbaycanlı, o cümlədən 106 qadın və 63 uşaq vəhşicəsinə qətlə yetirilib. Memorial İnsan Hüquqları Mərkəzi və “Human Rights Watch” təşkilatı Xocalı soyqırımını mülki əhaliyə qarşı törədilmiş ən qəddar faciələrdən biri adlandırıb.

Xüsusilə diqqəti cəlb edən məqam ondan ibarətdir ki, Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarkisyan Azərbaycan ərazilərinin işğalında şəxsən iştirak etmiş, orada qətllər törətmiş, qəddarlıqlara bilavasitə rəhbərlik etmiş komandirlərdir.

Cəbhədə və dövlət sərhədi yaxınlığında törədilmiş erməni terrorunun ən son qurbanları arasında Ağdamdan 5 yaşlı oğlanı, Tovuzdan 13 və Füzulidən 2 yaşlı qız uşaqları var. Ən son olaraq isə 2020-ci il oktyabrın 4-də Ermənistan ərazisindən cəbhədən kənar mülki obyektləri raket hücumu nəticəsində Ağcabədidən 14 yaşlı oğlan həyatını itirib.

İfrat millətçilik əhval-ruhiyyəsindən doğan və “böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni terroru daim ermənilərin dəyişən siyasi məqsədlərinə uygunlaşdırılıb. XIX əsrin sonlarında yaranmış, XX əsrin ortalarında sürətlə yayılmağa başlamış erməni terroru Avropa, Asiya, Amerika, hətta Avstraliya da daxil olmaqla, 4 müxtəlif qitədə 200-dən çox terror aktı ilə region ölkələri və onun hüdudlarından kənarda əsas təhlükəyə çevrilib. Erməni millətçiliyinin hər kəskinləşmə mərhələsində daim terror və zorakılıqdan istifadə olunduğunu nəzərə alsaq, onun həm regional, həm də beynəlxalq səviyyədə sülh, təhlükəsizlik və sabitlik naminə aradan qaldırılması üçün vaxtında zəruri tədbirlər görülməlidir.

Nəhayət, 2020-ci il sentyabrın 27- dən başlayaraq Azərbaycan Ordusu işğal altında olan ərazilərin işğalçılardan azad olunması məqsədilə hərbi əməliyyatlar aparır. Bu əməliyyatlar beynəlxalq terrorçuluqla mübarizə nümunəsidir. Terrorçuluğu özünün dövlət siyasətinə çevirmiş Ermənistan bu gün cəbhədə Azərbaycan Ordusuna qarşı Suriya, Livan və digər ölkələrin ərazisində terror fəaliyyətilə məşğul olmuş dəstələrindən istifadə edir. Bu, təkzibedilməz dəlillərlə təsdiqini tapıb. Bunu Ermənistan və qondarma “Dağlıq Qarabağ Respublikası” rəhbərliyi də etiraf edir.

Son günlər düşmən silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutması nəticəsində xeyli mülki şəxs həlak olub və yaralanıb.

Ermənistan hərbi birləşmələri bu günə kimi Azərbaycanın döyüş zonasından kənarda yerləşən Beyləqan, Ağcabədi, Bərdə, Goranboy, Tərtər, Daşkəsən, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Mingəçevir və xüsusən paytaxta yaxın Abşeron və Xızı rayonlarını (üstəlik, əhalinin kompakt olduğu məntəqələri – rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini, yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri) ağır artilleriyadan intensiv atəşə tutmaqda davam edir. Bu artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyan aradan qaldırılır, baş verən yanğınlar dərhal söndürülür və bu məqsədlə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, tibb işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Lakin Ermənistan tərəfi Azərbaycan xilasedicilərini, yanğınsöndürənləri, tibb işçilərini, yerli və xarici jurnalistləri də atəşə məruz qoyur.

Beləliklə, beynəlxalq humanitar normalara və müharibə haqqında beynəlxalq konvensiyalara məhəl qoymayan, terrorçuluq fəaliyyətini davam etdirən Ermənistanın bu antiinsani fəaliyyəti dünyanın sivil ölkələri tərəfindən pislənilməlidir. Beynəlxalq terrorçuluğa qarşı mübarizənin nümunələrindən olan Azərbaycanın haqq mübarizəsinə dəstək gücləndirilməlidir. Beynəlxalq terrorçuluqla mübarizədə bəzi ölkələrin ikili standartlarına son qoyulmalı, təcavüzkar ölkə öz adı ilə çağırılmalı və qınaq obyektinə çevrilməlidir.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: HESPRESS

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az