25.11.2020 06:31
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTOREPORTAJ| Müharibə köçkünləri evlərinə qayıtmaq istəyir - ev qalıbsa...
 
24.11.2020
The Associated Press, ABŞ
 

  Qarabağda idarəçilik sistemi – səfərbərlik başladı
 
24.11.2020
Milliyet, Türkiyə
 

  Azərbaycan azad etdiyi ərazilərin bərpasına başlayır
 
24.11.2020
Eurasianet.org, ABŞ
 

  Bakı: Dağlıq Qarabağdan məcburi köçkünlərin qayıdış arzuları
 
23.11.2020
Le Monde, Fransa
 

  Qarabağda atəşkəs: Zəngilan-Naxçıvan dəhlizinin reallıqları
 
23.11.2020
IRNA, İran
 

 
 
FOTOREPORTAJ| Azərbaycanda silsilə partlayışlar, qışqırtılar və... qan

 
 



The New York Times, ABŞ
29.10.2020


Müəllif: Şarlotta Qall

İlk partlayış bizi maşını saxlamağa məcbur edəcək qədər güclü idi. Partlayışın çox yaxında baş verdiyini hiss etdik. Raket səsi idi. Odur ki, cəld avtomobili tərk edərək, divara söykəndik. Sonradan belə başa düşdüm ki, o anda dayanmasaydıq, cəmi 20 yard irəlidə baş vermiş partlayış nöqtəsinə doğru gdirikmiş.

Partlayışın baş verdiyi gün – oktyabrın 28-də Azərbaycanın Bərdə şəhərinin küçələrindən biri ilə hərəkətdə idik. Ermənistanla Azərbaycan arasında müharibənin getdiyi məlumdur. Amma cəbhə bölgəsi bu şəhərdən 20 mil aralıdır.

Hər halda, raket zərbələrindən əvvəl bu şəhərdə həyat öz axarı ilə davam edirdi. Qadınlar dükanları gəzir, kişilər yanacaqdoldurma məntəqlərində avtomobillərinə yanacaq doldururdular... Lakin bir anda ard-arda partlayış səsləri eşidildi. Dərhal sonra bir qadın və kişi qışqırmağa başladı. Qadının həyat yoldaşı uşağının qolundan tutdu və onlar döngəyə tərəf qaçdılar...

Yolun digər tərəfindəki özəl klinikanın zirzəmisinə enən pilləkənlər artıq qan içərisində idi. Orada ayaqlarından qan axan taksi sürücüsünə yardım göstərirdilər. Tibb bacıları, pasiyentlər və digər mülki şəxslər qanın üzərindən keçərək zirzəmiyə toplaşmışdılar. Hər kəs öz yaxınına zəng edirdi...

Mən fotoqraf Ayvor Priketlə birgə Azərbaycandayam. Biz Ermənistanla Azərbaycan arasında ötən ay alovlanmış münaqişəni işıqlandırırıq. Mən 20 il qabaq da Azərbaycanda olmuşdum. Odur ki, raket atəşi mənin üçün qeyri-adi hadisə deyildi.

Sovet İttifaqının dağılmasından sonra Qafqaz regionunda bir neçə münaqişə baş qaldırıb. Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Azərbaycan ərazisi olan bu regionun əhalisinin əksəriyyəti etnik ermənilər idi. Tərəflər arasında müharibə 1994-cü ilədək davam etdib və nəticədə Ermənistan Azərbaycana məxsus böyük əraziləri ələ keçirib. Bu, təxminən 1 milyon azərbaycanlının doğma ev-eşiyindən didərgin düşməsinə də səbəb olub.

1994-cü ildə bölgədə genişmiqyaslı müharibə başa çatsa da, problem həll edilməmiş qalırdı. Odur ki, bu gün münaqişə yenidən alovlanıb. İndi Azərbaycan itirdiyi əraziləri qaytarmaq məqsədilə genişmiqyaslı əks-hücuma keçib. Artıq günlərdir ki, regionda yerləşən şəhərlər, kəndlər atəşə tutulur.

Bu gün hər kəs hesab edir ki, hərbi üstünlük Azərbaycanın tərəfindədir. O, Dağlıq Qarabağın iki böyük şəhərinə davamlı raket zərbələri endirir. Azərbaycan Ordusu dronlardan da istifadə edərək, erməni qüvvələrinin mövqelərini ölümcül dəqiqliklə hədəfə alır. Lakin Azərbaycanın da cəbhə bölgəsinə yaxın şəhər və kəndləri demək olar ki, hər gün raket zərbələrinə məruz qalır. Cəbhədən bir az aralıda yerləşən Bərdəyə hücum gərginliyin hansı həddə çatdığının göstəricisi sayıla bilər.

“Ermənilərin nə etdiyini görürsünüz?!”, - deyə 55 yaşlı Kamil Kərimov qışqırır: “Burada hərbçi görürsünüz? Niyə belə edirlər? Axı burada yalnız mülki insanlar olur. Onlar xaos yaratmaq istəyirlər”.

Klinikanın zirzəmisinə sığınmış 44 yaşlı kardioloq Həmidova buranın daha təhlükəsiz olduğunu düşündüyündən, cəbhə bölgəsindəki Tərtərdən Bərdəyə gəlibmiş: “Xahiş edirəm, bizə kömək edin. Dünya bizim başımıza nələrin gəldiyini bilmir”.

Çöldə bir maşın hələ də tüstüləyir. Səki, ofis binasının qapısı qan içərisindədir. Binanın şüşələri parça-parça olub. Bombaların zərərsizləşdirilməsilə məşğul olan zabitlər xüsusi kombinezon və kaskadadırlar. Onlar partladılmış döyüş sursatlarını əhatəyə alıblar.

Avtomobilə əyləşir, şəhərin kənarına yollanırıq. Növbəti yol ayrıcında daha bir qətliama şahid oluruq. Məhv edilmiş maşınlar sanki ətrafa səpələnib. Kimsə maşınlardakı cəsədlərin üzərinə ədyal atıb. Başqa bir avtomobilin yanında ayaqqabılar və qan gölməçəsi görünür. Hər yanda qan ləkələri var. Havadan barıt qoxusu gəlir...

“Ermənilər niyə belə edirlər?” deyən qara paltarlı qadın ağlayır: “İnsanlar! Baxın görün onlar nə edirlər. Onu niyə öldürdülər axı? Allahım, bizə kömək ol”. İki kişi qadının əllərindən tutublar.

Xilasedicilər avtomobilin qapılarından birini qoparır, ədyalı cəsədin üzərindən götürür və... qadın yıxılır: “Oğlum!”.

Bir az aralıda, yolun kənarında daha iki mülki şəxsin cəsədi var. Ədyalın altında bir kişi və bir qadın cəsədi. 31 yaşlı idman müəllimi Fuad İsmayılov anasının evi qarşısında həlak olub. Üzünə qan sıçramış ana onun başını sinəsinə sıxıb ağlayır...

“O, bizə baş verənləri danışmağa gəlmişdi. Öldü...”, - deyə mərhumun anası Təbiət İsmayılova bildirir.

Dul qadın olan Təbiət İsmayılova Ermənistandan gəlmiş azərbaycanlı qaçqındır: “Kimim vardısa, itirmişdim. İndi də bu”.

Oğlunun toyunu görmədiyini deyən qadın durmadan ağlayır. Oğlu ailə həyatı qurduqdan sonra bu evdə qalacaqmış. “Niyə belə etdiniz?”,- deyə qadın hayqırır: “Ermənilər, sizin övladlarınız yoxdur?!”.

“Mən sülh istəyirəm. Heç kimin əziyyət çəkməsini istəmirəm”, - deyə Təbiət İsmayılova bildirir. Amma o, Azərbaycanın düşmənə cavab verməsini də istəyir: “Prezidentimizə deyin ki, buna son qoysun, bütün lazımi tədbirlər görsün”.

Görünən odur ki, vəziyyət daha da gərginləşir və qurbanların sayı artır.

Hökumət Bərdə şəhərinə raket zərbəsi nəticəsində 21 nəfərin öldüyünü və 70 nəfərin yaralandığını açıqlayıb. Zərbələrin Rusiya istehsalı olan “SMERÇ” raket sistemindən atıldığı, üstəlik, bu zaman kasetli bombalardan istifadə edildiyi deyilir. Yeri gəlmişkən, kasetli bombalardan açıq sahələrdəki ordulara qarşı istifadə edilməlidir. Onlar mülki vətəndaşlara təhlükə yaratdığı üçün bir çox ölkədə qadağan olunub.

Amma Ermənistan baş verənlərə görə məsuliyyəti üzərinə götürmür. Onlar deyir ki, elə həmin gün Ermənistanın nəzarətində olan Dağlıq Qarabağ regionunun iki böyük şəhəri raket zərbələrinə məruz qalıb. Məlumata görə, “paytaxt” (dırnaq işarəsi bizə aiddir - WM) Stepanakertdə (Xankəndi - WM) yerləşən doğum evinə də zərər dəyib. Şuşada isə bir mülki şəxs həyatını itirib, bir nəfər isə yaralanıb.

Hər iki tərəfin kasetli bombalardan istifadə etdiyinə dair dəlillər var. “Human Right Watch” təşkilatı Azərbaycanın oktyabrda Dağlıq Qarabağın mülki rayonlarına azı 4 dəfə kasetli bomba atdığını bəyan edib.

Hadisənin səhəri Bərdə şəhərinin yaxınlığında yerləşən Qarayusifli kəndinə yollanırıq. Burada daha bir raket hücumu nəticəsində həyatını itirmiş qurbanlar dəfn edilirdi. Həmin hücum nəticəsində 7 yaşlı qız daxil olmaqla, 4 nəfər həlak olub və 10-dan çox insan yaralanıb. Uşaqlar velisoped sürürmüş, valideynlər bağda əyləşibmiş. Bu anda əraziyə raket düşür, kasetli bombalar bir neçə evi dağıdır.

18 yaşlı Zərqəlam Əliyeva ilk partlayışın raketi zərərsizləşdirən hava hücumundan müdafiə sistemi olduğunu düşünübmüş: “Lakin sonra gordük ki, əraziyə bombalar yağır. Üzərimizə qəlpələr yağmağa başlamışdı. Səsi eşidən kimi yerə uzandım”.

Onun 15 yaşlı rəfiqəsi Aysun İsmayılova ağır yaralanıb. O, yandakı çarpayıda uzanıb. Zərgəlam Əliyevanın sözlərinə görə, rəfiqəsi qaçmağa çalışan zaman bombalardan biri düz onun yaxınlığına düşüb.

“Kəndimizi atəşə tutacaqlarına inanmırdıq. Çünki burada hərbçilər yoxdur. Burada yalnız mülki şəxslər yaşayır”,- deyə başqa bir yaralı, 17 yaşlı Elnurə Kərimova bildirir...

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The New York Times

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az