17.01.2021 13:22
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Bir müsəlman ölkəsində dövlət hesabına sinaqoq inşası...”
 
16.01.2021
MUSULMANS EN FRANCE, Fransa
 

  Etiraz zorakılığa çevrilirsə...
 
15.01.2021
JEWISH JOURNAL, ABŞ
 

  Dağlıq Qarabağ müharibəsindən cıxarılan dərslər
 
14.01.2021
Cumhuriyet, Türkiyə
 

  Cənubi Qafqaz üçün sabitlik müqaviləsi
 
13.01.2021
EURACTIV, Aİ
 

  Rusiya, Azərbaycan və Ermənistandan Dağlıq Qarabağda iqtisadiyyatı canlandıracaq birgə bəyanat
 
13.01.2021
HABERTÜRK, Türkiyə
 

 
 
Qafqazda sülh: Ermənistanla Azərbaycan arasında sülh və müharibə perspektivləri

 
 



DIPLOMATIC WORLD, Belçika
13.01.2021


Müəllif: Fərid Şəfiyev (Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri)

Ermənistanla Azərbaycan arasında 44 gün davam etmiş son müharibə 2020-ci il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəs müqaviləsi nəticəsində başa çatıb. Bununla da Yerevan faktiki olaraq, hərbi məğlubiyyətini qəbul edib.

Razılaşmaya əsasən, Ermənistan hərbi birləşmələrini Azərbaycanın işğal altındakı ərazilərindən çıxartmaqla bağlı öhdəlik də götürmüşdü və proses rusiyalı sülhməramlıların regiona yerləşdirilməsi ilə müşayiət olunmalıdı idi. Belə də olub. Başqa sözlə, Ermənistan rəsmi olaraq inkar etsə də, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərini – Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayonunu 27 il idi işğal altında saxlayırdı.

Tərəflər arasında noyabrın 10-da imzalanmış bəyanatda gəlincə, orada çox böyük nəticələrə yol aça biləcək bir neçə önəmli məqam var. Əgər sənəddə qeyd olunmuş müddəlar tam həyata keçirilərsə, bölgədə həqiqətən də dayanıqlı sülhün yaranması mümkündür. Öhdəliklərin yerinə yetirilmədiyi halda isə hadisələr fərqli istiqamətdə cərəyan edəcək.

Tərəflərin imzaladığı bəyanatda regionda kommunikasiyaların, nəqliyyat əlaqələrinin açılması kimi vacib məqamlar da yer alıb. Azərbaycan Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizi vasitəsilə insanların və məhsulların keçidinə icazə verib və bununla bağlı öhdəlik götürüb. Proses rusiyalı sülhməramlıların müşayiəti altında getnəlidir.

Ermənistan isə Azərbaycanın əsas hissəsilə Naxçıvan eksklavı arasında Mehri regionu vasitəsilə dəhlizin açılması haqda öhdəlik götürüb.

Digər kommunikasiya xətlərinin də yaxın vaxtlarda açılacağı gözlənilir. Məsələn, Bakı ilə Moskva Dağlıq Qarabağda yaşayan ermənilərə Azərbaycan ərazisilə humanitar yüklərin daşınmasına dair razılaşma imzalayıblar.

Beləliklə, nəqliyyat əlaqələrinin açılması gələcək regional əməkdaşlığın təməlini qoya, qarşılıqlı əlaqə imkanlarını yaxşılaşdıra bilər. Azərbaycanın bir neçə nəqliyyat layihəsinə investisiya qoyduğunu və bu layihələri uğurla həyata keçirdiyini qeyd etmək yerinə düşər. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu, Transxəzər Fiber-Optik Kabel Xətti və s. Bu layihələr Avropa ilə Asiya arasında daha sıx əlaqələrin təmin edilməsinə istiqamətlənib. Ermənistan isə əksinə, Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə neft-qaz layihələri daxil olmaqla, regional layihələrdən kənar qalıb. Əvəzində, Gürcüstan tranzit ölkə kimi, bu layihələrdən milyonlarla dollar qazanır, regional əməkdaşlıqdan gen-bol faydalanır. Başqa sözlə, Ermənistan ərazi iddialarından əl çəkərsə, özünü təcriddən xilas edə bilər. Amma bu gün Ermənistanda aparılan siyasi müzakirələrdə revanşist qüvvələr hakim mövqedədir.

Tərəflər arasında noyabrın 10-da imzalanmış bəyanatın hələ də həyata keçirilməyən vacib bəndlərindən biri dördüncü bənddir. Həmin bəndə görə, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən tamamilə çıxmalıdır. Lakin bu gün rusiyalı sülhməramlıların nəzarət etdiyi ərazilərdə erməni yaraqlıları sərbəst hərəkət edir, bəzi hallarda Azərbaycan Ordusunun mövqelərini, yaşayış məntəqələrini belə, atəşə tutur. Təəssüf ki, rusiyalı sülhməramlılar onlara qarşı tədbir görmür. Halbuki, Rusiya qüvvələri bölgəyə Ermənistan silahlı qüvvələrinin oradan tam çıxarılması şərti ilə yerləşdiriliblər. Moskva, sülhməramlılarının erməni yaraqlılarını tərk-silah edə bilmədiyini deyir. Halbuki, onlar Ermənistan silahlı qüvvələrini bir zamanlar işğal altında olmuş ərazilərdən (Ağdam, Kəlbəcər, Laçın) çıxara bilib. Bu proses də tərəflər arasında imzalanmış məlum bəyanatın müddəaları çərçivəsində həyata keçirilib.

Bir sözlə, erməni yaraqlılarının və hərbi yüklərin Laçın dəhlizi vasitəsilə axını problemdir. Rusiya sülhməramlı missiyası bu məsələdə Azərbaycan tərəfi ilə əlaqədən qaçır.

Doğrudur, uzun illər davam etmiş düşmənçilikdən sonra region ölkələri arasında problemlərin asanlıqla həll ediləcəyini gözləmək sadəlövhlük olardı. Amma Ermənistan və Azərbaycan xalqları mənfur zorakılıq çevrəsindən çıxmalı, tarixi inciklik lənətindən qurtulmalıdır. Azərbaycan prezidenti İlham Əliyev də bu yaxınlardakı çıxışlarında regional əməkdaşlığın perspektivlərindən danışıb. Onun fikrincə, regional əməkdaşlığa Azərbaycan, Gürcüstan, Ermənistan, İran, Türkiyə və Rusiya cəlb oluna bilər. Əslində, yaxın keçmişdə bənzər təkliflə Türkiyə və Avropa İttifaqı (Aİ) da çıxış etmişdi.

Şübhəsiz ki, regional sülh və əməkdaşlıqdan atəşkəs müqaviləsinin əsas vasitəçisi olan Rusiya da faydalanacaq. Moskva regionda ənənəvi “parçala və hökm sür” siyasəti ilə yalnız qısa müddət üçün üstünlüklər qazana bilər. Bu siyasət artıq iqtisadi üstünlükləri, ən əsası, geosiyasi müttəfiqliyi qoruya bilmir.

Bir sözlə, 2021-ci il regionda hadisələrin gedişi baxımından həlledici il olacaq. Bu il hər kəs görəcək ki, region sülhə doğru gedir, yoxsa gərginliyə. Hələliksə bir məqamı əminliklə söyləmək olar: Azərbaycan beynəlxalq birlik tərəfindən tanınmış əraziləri üzərində nəzarəti tam bərpa etmək üçün strateji səbr və qətiyyət göstərib və gələcəkdə də bu yolla gedəcək.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: DIPLOMATIC WORLD

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az