25.02.2021 23:54
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTOREPORTAJ| Qarabağda ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqlar
 
25.02.2021
Fararu, İran
 

  Azərbaycan: Böyük Şərqdə ilk dünyəvi dövlət
 
25.02.2021
Əl-Hərir, Əlcəzair
 

  MÜSAHİBƏ| Dağlıq Qarabağ: “Dinc birgəyaşayış mümkündür”
 
24.02.2021
RND, Almaniya
 

  Azərbaycan qazı Avropada balansı dəyişir!
 
24.02.2021
HABERTÜRK, Türkiyə
 

  Ermənistan-Azərbaycan: davamlı sülhün əldə edilməsi imkanları
 
24.02.2021
Newsweek, ABŞ
 

 
 
Azərbaycan Avrasiyanın enerji xəritəsini dəyişir

 
 



Pakistan OBSERVER, Pakistan
15.02.2021


Müəllif: Mahmud-ul-Hasan Xan

Azərbaycanın Ermənistan üzərində inamlı hərbi qələbəsi ilə Cənubi Qafqazın mənzərəsi kəskin şəkildə dəyişməyə başlayıb. Ümumdaxili məhsulunun həcminə görə Cənubi Qafqazın lideri olan Azərbaycan enerji mənbələrinin (istehsal, tədarük, nəqliyyat) şaxələndirilməsi və sosial-iqtisadi inkişaf baxımından da böyük imkanlar qazanıb.

Azərbaycan artıq Avrasiyanın enerji xəritəsini uğurla dəyişib. O, TAP vasitəsilə Avropaya qaz tədarükünə başlamaqla, daha bir tarixi nailiyyətə imza atıb. Bu, həqiqətən də regionun enerji təhlükəsizliyi və sabitliyinin təmini baxımından nəhəng addımdır.

Qlobal enerji təhlükəsizliyi sistemini gücləndirəcək daha bir nəhəng layihə “Cənub Qaz Dəhlizi”dir. O, Avropanı Xəzər regionu ilə birləşdirir. 2020-ci il noyabrın 14-də istismara verilmiş layihə Azərbaycanın strateji əhəmiyyətini daha da artırıb.

“Cənub Qaz Dəhlizi”nin bir hissəsi olan TAP Türkiyə-Yunanıstan sərhədindən başlayır və İtaliyaya qədər uzanır. 878 kilometr uzunluğundan olan qaz kəməri Albaniya və Adriatik dənizindən keçərək “Cənub Qaz Dəhlizi” layihəsini reallığa çevirmiş seqmentlərdəndir. Xəzər dənizində yerləşən “Şahdəniz” yatağından ildə 10 milyard kubmetr qaz Avropa İttifaqı və Qərbi Balkan ölkələrinə məhz TAP kəməri vasitəsilə tədarük olunacaq. Bu, Avropanın enerji mənbələrinin şaxaləndirilməsinə yardım göstərir, eyni zamanda, Avropa bazarlarında Bakının mövqeyini gücləndirir.

TAP kəmərinin işə düşməsi əslində, Türkiyə üçün də mühüm əhəmiyyət kəsb edir. Bununla Türkiyə qaz idxal edən ölkədən enerji resurslarının keçdiyi tranzit dövlətə çevrilib. Bu, Azərbaycanla Türkiyəyə aid “bir millət, iki dövlət” konsepsiyasını daha da gücləndirib.

TAP-ın əsas səhmdarları Böyük Britaniyanın BP şirkəti, Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın “Snam” qaz şirkətidir. Onların hər biri kəmərdə 20%-lik paya sahibdir. Bundan başqa, TAP-ın səhmlərinin 19%-i “Fluxys” şirkətinə, 16%-i “Enagas”a, 5%-i isə “Axpo” şirkətinə məxsusdur.

“Şahdəniz” yatağının işlənməsinin birinci fazasına 2006-cı ildə start verilib. Bu yataqdan Azərbaycan, Gürcüstan və Türkiyəyə illik 10 milyard kubmetr qaz tədarük olunur. Yatağın işlənməsinin 2018-ci ildə start verilmiş ikinci fazası ilə illik tədarük həcmi 16 milyard kubmetrə çatdırılacaq. İki mərhələ çərçivəsində yataqdan illik 26 milyard kubmetr qaz tədarükü gözlənilir.

SOCAR prezidenti Rövnəq Abdullayev Avropaya qaz tədarükünün başlandığı günü “tarixi gün” adlandırıb. TAP konsorsiumunun kommersiya direktoru Mariya Savova isə həmin günü Avropanın enerji sahəsinin “dönüş nöqtəsi” kimi xarakterizə edib. O, TAP kəməri il bağlı qısa və uzunmüddətli planları da açıqlayıb. Savovanın sözlərinə görə, TAP konsorsiumu yayda bazarı test etməyə hazırlaşır. Məqsəd kəmərin nəql gücünün 2 dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılmasıdır.

TAP-ın icraçı direktoru Luka Şiyeppati də kəmərin işə düşdüyü günü Azərbaycan, boru xəttinin keçdiyi ölkələr və Avropanın enerji sahəsi üçün “tarixi gün” adlandırıb. O, TAP-ı qitənin qazpaylayıcı şəbəkəsinin “mühüm hissəsi” kimi xarakterizə edib. Luka Şiyeppati hesab edir ki, TAP kəməri Cənubi Şərqi Avropa ölkələrinə və onu hüdudlarından kənara etibarlı, birbaşa və qənaətli enerji nəqli marşrutudur. İcraçı direktor kəmərin Avropanın enerji xəritəsinin dəyişməsinə töhfə verdiyini də vurğulayıb.

Kəmərdən İtaliya, Yunanıstan və Bolqarıstanın da faydalanacağını qeyd etmək yerinə düşər. Azərbaycan Avropa bazarlarına illik 10 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır. Bunun 8 milyard kubmetri İtaliyanın, yerdə qalan 2 milyard kubmetri isə Yunanıstanla Bolqarıstanın payına düşəcək. DEPA və “Bulgargaz” şirkətləri isə “Şahdəniz” konsorsiumu ilə illik 1 milyard kubmetr qaz tədarükü ilə bağlı uzunmüddətli müqavilələr imzalayıb. Nəticədə Yunanıstanın illik qaza olan təlabatının dörddə biri, Bolqarıstanın təlabatının isə üçdə biri bu mənbədən ödənəcək.

Qeyd edək ki, avropalı istehlakçıların illik qaz təlabatı təxminən 500 milyard kubmetrdir. Qitə ondan əsasən elektrik enerjisi istehsalında istifadə edir.

TAP kəməri dəyəri 40 milyard dollar, uzunluğu isə 3500 kilometr olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərindən biridir. “Cənub Qaz Dəhlizi” Azərbaycandan Avropaya uzanır. Azərbaycanın Xəzər dənizində yerləşən nəhəng “Şahdəniz” yatağının işlənməsinin ikinci fazasından hasil olunacaq qaz məhz TAP kəməri vasitəsilə nəql olunacaq.

878 kilometr uzunluğu olan TAP kəməri TANAP ilə Türkiyə-Yunanıstan sərhədində, yəni Kiprdə birləşir. O, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahilinə qədər uzanır.

TANAP kəməri Bakı ilə Ankaranın həyata keçirdiyi mühüm layihələrdən biridir. “Cənub Qaz Dəhlizi”nin Türkiyədən keçən seqmenti olan TANAP-ın açılış mərasimi 2018-ci ilin iyununda Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilib. Bu kəmər Gürcüstan-Türkiyə sərhədində başlayır və Türkiyənin 20 vilayətini keçərək Yunanıstanla sərhədə – Ədirnəyə qədər uzanır. Bu gün onun illik daşıma qabiliyyəti 16 milyard kubmetrdir. Kəmər vasitəsilə nəql edilən qazın 6 milyard kubmetri Türkiyənin, 10 milyard kubmetri isə Avropa ölkələrinin payına düşür. Avropa dövlətlərinə qaz məhz TAP vasitəsilə çatdırılır.

Bir sözlə, Azərbaycan nəhəng transregional enerji layihələrdə konstruktiv iştirak etməklə, bu sahədə əməkdaşlığın inkişafına töhfə verir. Aİ-nin qaz mənbələrinin şaxələndirilməsi istiqamətindəki səylərinə dəstək olan Bakı “Cənub Qaz Dəhlizi” layihəsilə bu işə öz töhfəsini verir. Bakıda ümid edirlər ki, 3500 kilometr uzunluğa malik boru xətti Avrasiyanın enerji xəritəsini dəyişəcək. Çünki bununla Xəzər dənizindən hasil olunan “mavi yanacaq” Avropa bazarlarına çatdırılır. Bundan başqa, layihə qitənin enerji mənbələrinin şaxləndirilməsində də rol oynayır.

Yeri gəlmişkən, “Cənub Qaz Dəhlizi”nin 4 seqmenti var. Birinci seqment olan “Şahdəniz” yatağının işlənməsinin ikinci fazasında işlər artıq yekunlaşıb. “Şahdəniz” qazı 2500 metr hündürlüyə qalxaraq 3500 kilometr məsafə boyu nəql olunur.

İkinci seqment Cənubi Qafqaz Boru Kəməridir. Bu kəmər də artıq istimara verilib. Azərbaycan və Gürcüstandan keçərək Türkiyə sərhədinə qədər uzanan kəmərin ümumi uzunluğu 691 kilometrdir.

“Cənub Qaz Dəhlizi” layihəsinin üçüncü seqmenti TANAP-dır. 1850 kilometr uzunluğa malik, Cənubi Qafqaz Boru Kəmərinin davamı olan TANAP Türkiyənin qərb sərhədlərindən başlayır. Azərbaycan qazını Türkiyə və Avropaya çatdıran kəmər Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP-a birləşir.

Dördüncü seqment qeyd olunan TAP kəməridir. Uzunluğu 878 kilometr olan kəmər Yunanıstan, Albaniya, Adriaktik dənizindən keçərək İtaliyaya qədər uzanır.

Azərbaycan qazının Avropaya tədarükünə 2020-ci ildə start verilib. 2019-cu il noyabrın 30-da TANAP-ın TAP ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

Ümumiyyətlə, Azərbaycan 2016-cı ildən iqtisadiyyatın şaxələndirilməsi siyasətini həyata keçirir. Buna səbəb dünya bazarlarında neftin qiymətinin kəskin düşməsi olub. Elə o vaxtdan Azərbaycanda makroiqtisadiyyatla bağlı çoxsaylı islahatlar aparılır. Nəticədə ölkə iqtisadiyyatının neftdən asılılığı mühüm dərəcədə azalıb.

Yeri gəlmişkən, Azərbaycan Dünya Bankının “Doing Business 2020” hesabatında 190 ölkə arasında 34-cü sırada yer alır. O, kreditlərin alınması üzrə 1-ci, biznesə başlama üzrə 9-cu və müqavilələrin icrası üzrə 28-ci yerdə qərarlaşıb.

Bir sözlə, mən Azərbaycan və MDB ölkələri üzrə ixtisaslaşmış ekspert kimi, TAP layihəsinin reallaşmasını Avrasiyanın enerji xəritəsini dəyişən Azərbaycanın iqtisadi diplomatiyasının növbəti qələbəsi kimi qiymətləndirirəm.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Pakistan OBSERVER

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az