15.05.2021 17:33
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın mədəniyyət paytaxtı 32 il sonra “Xarıbülbül” festivalına yenidən ev sahibliyi edib
 
15.05.2021
KmetroO, İtaliya
 

  Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi
 
11.05.2021
Swissinfo.ch, İsveçrə
 

  AVRO-2020-nin kuboku Azərbaycanda!
 
08.05.2021
Sözcü, Türkiyə
 

  Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı
 
08.05.2021
Daily İslamabad Post, Pakistan
 

  Qarabağda postmüharibə dövrü: Tehran-Bakı münasibətlərində yeni fəsil
 
07.05.2021
MASHREGHNEWS, İran
 

 
 
İlham Əliyev, xristianlar və kilsələr

 
 



Əl-Anbat, İordaniya
23.04.2021


Akademik Mərvan Sudah

Mən iordaniyalı xristianam. Ailəmin kökləri İsa məsihin (ə) torpağına, qəlbimə yaxın olan qardaş Yəməndə yerləşən Mərəb səddinin yerləşdiyi məntəqəyə gedib çıxır. Mən, həmçinin uzun illərdir ki yazar və fəal kimi fəaliyyət göstərirəm. Xristianlar və xristianlıqla hər zaman xüsusi maraqlanmışam. Hətta demək olar ki, vaxtımın çox hissəsini bu mövzunu araşdırmağa, bu haqda oxumağa sərf edirəm. Eyni zamanda, müxtəlif din nümayəndələrinin, inanclıların, xüsusilə müsəlman qardaşlarımın həyatını, gündəlik yaşayışını öyrənmək mənim maraq dairəmə daxildir. Hesab edirəm ki, onların müqəddəs məkanları, əqidələri hər hansı təəssübkeşlikdən uzaq şəkildə qorunmalıdır. Onları dünya ölkələrinin rəhbərləri də himayə etməlidir. Başqasına hörmət hər kəsə xas xüsusiyyət olmalıdır. O, insanın mədəniliyini, əqli üstünlüyünü göstərir. Əksi, bunların olmaması anlamına gəlir…

Yerli və xarici KİV-də xristianlıq və islam haqqında çoxlu məqalələr, araşdırmalar yazmışam. Əlahəzrət şahzadə Həsən bin Talalın təsis etdiyi və hazırda rəhbəri olduğu Dini Araşdırmalar üzrə Kral İnstitutunda işləyən zaman da müəyyən problemlərin öyrənilməsi ilə məşğul olmuş, bu mötəbər institutun hazırladığı obyektiv mühazirələri oxumuşam. Vətənimizdə fikir plüralizmi var. Odur ki, hər zaman dini-tarixi mövzuda rahatlıqla tədqiqatlar aparmış, onların nəticələri haqda məqalələr yazmışam.

Bundan başqa, Rusiyada və digər ölkələrdəki xristianlara aid media orqanlarında da uzun illərdir ki, yazılarla çıxış edirəm. Xüsusi xristian nəşri də təsis etmişəm. Orada dini maraq dünyama daxil olan materiallar, məqalələr yazıram. Din mövzusunda məqalələrim ən müxtəlif qəzetlərdə nəşr olunur.

Bütün bunlarla yanaşı, dost ölkələrlə bağlı da dini mövzuları hər zaman izləyir, bu haqda xəbərləri mütəmadi olaraq oxuyuram. Belə dövlətlərdən biri də qardaş Azərbaycan Respublikasıdır. Bu ölkə mənə çox yaxındır. O, mənim istər ürəyimdə, istərsə də fəaliyyətimdə hər zaman geniş yer tutur. 12 yaşımdan bu dövlət, onun uğurları və problemləri haqda ərəb və rus KİV-dən məlumat alıram. Bu müddət ərzində Azərbaycanda kiminsə dini mənsubiyyətinə görə təqib edildiyinə dair bir dənə də xəbərə rast gəlməmişəm.

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Onun ərazisində tarixən çoxsaylı millətlərin və dinlərin nümayəndələri yaşayıb. Odur ki, tolerantlıq azərbaycanlıların düşüncəsinə hopub. Azərbaycan, onun vətəndaşları, mədəni və dini irsi gözəl harmoniyalı mozaikanı xatırladır. Bu, son dərəcə gözəl, parlaq mozaikadır. Həqiqətən, Azərbaycan bu mənada sanki gözəl, cazibəli rəsm əsəridir.

Bu ölkədəki tolerantlığın əsasını mərhum prezident Heydər Əliyev qoyub. Hazırkı dövlət başçısı İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Azərbaycan məğrur və ləyaqətli insanlar ölkəsidir. Burada hər kəsin bərabərlik, birgəyaşayış hüququ təmin olunub, insanlar dini inancına görə təqibə məruz qalmır, öz dini ayinlərini azad şəkildə həyata keçirir.

Bəzi xristian və müsəlman ərəblər Azərbaycanda baş vermiş son müharibə ilə bağlı söbətlərimizdə mənim mövqeyimi tənqid edirdilər. Onlar hesab edirlər ki, Ermənistanla Azərbaycan arasında baş vermiş sonuncu toqquşma dini xarakter daşıyırdı. Guya məqsəd bir dinin digəri üzərində, bir xalqın digəri üzərində hökmranlığının təmini imiş. Halbuki, bu fikirlər Yerevanın Azərbaycana qarşı apardığı informasiya müharibəsi nəticəsində ortaya atılmış uydurmadan, qaralama kampaniyasından başqa bir şey deyil. Ermənistan bununla xristian və müsəlman dünyasının diqqətini müharibənin həqiqi səbəblərindən yayındırmağa çalışırdı. Çünki bu halda o, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum qətnamələrini diqqətdən kənarda saxlaya, onlara etinasızlığı davam etdirə biləcəkdi. Söhbət hansı qətnamələrdən gedir? O qətnamələrdən ki, orada Ermənistanı silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması tələb olunurdu. O qətnamələrdən ki, Yerevandan müxtəlif dini abidələrə, məkanlara hörmət tələb edilirdi. Yerevan isə bu ümumbəşəri çağırışları qulaqardına vurur, gah müharibə çağırışları edir, gah da Ermənistan və ermənilərlə tarixən heç bir əlaqəsi olmayan qədim alban kilsələrini öz adına çıxaraq, beynəlxalq aləmdə guya dini hüquqlarının pozulduğu haqda yanlış təsəvvür formalaşdırmağa çalışırdı.

Halbuki, həmin alban kilsələri Azərbaycanın suveren ərazisində yerləşir. Dini baxımdan isə onlar Azərbaycandakı xristian dini icmasına məxsusdur. Prezident İlham Əliyev bu abidələrin himayəsi, təmiri məsələlərini hər zaman nəzarətdə saxlayır. Onlar şər qüvvələrin, səmavi ülvi missiyalara qarşı olanların qarşısında duruş gətirməsi üçün dövlət tərəfindən qorunur, maliyyə ilə təmin olunur.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Anbat

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az