15.05.2021 19:20
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın mədəniyyət paytaxtı 32 il sonra “Xarıbülbül” festivalına yenidən ev sahibliyi edib
 
15.05.2021
KmetroO, İtaliya
 

  Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi
 
11.05.2021
Swissinfo.ch, İsveçrə
 

  AVRO-2020-nin kuboku Azərbaycanda!
 
08.05.2021
Sözcü, Türkiyə
 

  Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı
 
08.05.2021
Daily İslamabad Post, Pakistan
 

  Qarabağda postmüharibə dövrü: Tehran-Bakı münasibətlərində yeni fəsil
 
07.05.2021
MASHREGHNEWS, İran
 

 
 
Qarabağda “İsgəndər” dilemması

 
 



Eurasia Review, ABŞ
09.04.2021


Müəllif: Şahmar Hacıyev

Ermənistanla Azərbaycan arasında baş vermiş İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişib. Ermənistanın Azərbaycanla hələ 2016-ci ilin aprelində baş vermiş müharibədə də məğlub olduğunu, o zaman Azərbaycanın Lələtəpə yüksəkliyini azad etdiyini xatırlatmaq yerinə düşər.

Lakin Ermənistanın hərbi rəhbərliyi o vaxtdan keçən müddətdə yeni reallığı qəbul etməkdənsə, nəzarətindən verdiyi əraziləri qaytarmağa səy göstərirdi. Ermənistanın bu tipli silsilə təxribatları nəticəsində 2020-ci il sentyabrın 27-də cəbhə boyu miqyaslı hərbi əməliyyatlar başlamışdı. Azərbaycan Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatlarını dəf etmək, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirlərinə start vermişdi. Artıq bu, İkinci Qarabağ müharibəsi idi.

İkinci Qarabağ müharibəsində ağır və müasir silahların istifadə olunub. Ermənistan ordusu əsasən Rusiya istehsalı olan “BM-30 Smerç”, “Toçka-U” və “Skad” raket sistemlərindən, Azərbaycan isə Rusiya silahları ilə yanaşı, Türkiyə və İsrailin də müasir silahlarından, o cümlədən pilotsuz uçuş aparatlarından istifadə edib.

Taktiki raket sistemlərinə gəlincə, son günlər üzə çıxmış bəzi faktlar İkinci Qarabağ müharibəsində Azərbaycan qarşı “İsgəndər” raketlərindən də istifadə olunduğunu göstərir. Xatırladaq ki, Rusiya istehsalı olan “İsgəndər-E” operativ-taktiki raket sisteminin maksimum uça biləcəyi məsafə 280 kilometrdir. Ermənistanın Rusiyadan bu raket sistemini aldığı bəllidir – o, 2016-cı ilin sentyabrında Yerevanda keçirilmiş hərbi paradda nümayiş olunub. Bu, Azərbaycanın strateji əhəmiyyətli infrastrukturuna təhdid sayılırdı. Maraqlıdır ki, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “İsgəndər” operativ-taktiki raket sistemi ilə bağlı məsələni hələ 2017-ci ildə ABŞ-ın Milli Müdafiə Universitetindəki çıxışı zamanı qaldırmışdı.

Yerevan bu silahı əldə etdikdən sonra bir çox erməni ekspert “İsgəndər-E” raketlərinin Ermənistan üçün mühüm əhəmiyyət kəsb etdiyini deyir, onun hərbi balansı Ermənistanın xeyrinə dəyişdiyini vurğulayırdı. Azərbaycan isə bölgədə hərbi balansı qorumaq məqsədilə Belarusdan “Polonez”, İsraildən isə “LORA” operativ-taktiki raket sistemlərini tədarük edirdi. Nəticədə Bakı operativ-taktiki raket sistemləri nöqteyi-nəzərdən Yerevanla balansı qoruya bilmişdi. Üstəlik, Azərbaycan Ermənistana “İsgəndər-E” raket sisteminin tətbiq edəcəyi təqdirdə hansı risklərlə üzləşəcəyini də göstərmişdi. Bundan başqa, Bakı İsraildən “Barak-8” zenit-raket kompleksi alaraq raket əleyhinə müdafiə sistemini gücləndirmişdi.

Nəhayət, indi məlum olur ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan qarşı “İsgəndər” raketlərindən də istifadə edilib. Bu mürəkkəb məsələ ilə bağlı ilk açıqlamanı Ermənistanın keçmiş Baş qərargah rəisi, general-polkovnik Movses Akopyan vermişdi: “Bəli, müharibə zamanı bu raketlərdən də istifadə olunub, amma onların haraya atıldığını söyləyə bilmərəm”.

Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan “İsgəndər” raketlərinin effektivliyini şərh edərkən, Rusiya istehsalı olan “İsgəndər” ballistik raketlərindən Dağlıq Qarabağ müharibəsi zamanı istifadə olunduğunu, lakin onların partlamadığını demişdi. Maraqlıdır ki, Azərbaycanın sabiq müdafiə sənayesi naziri Yavər Camalov vaxtilə Ermənistanda “İsgəndər-E” raketlərinin olduğunu, lakin onların istismar müddətinin bitdiyini söyləmişdi.

Nikol Paşinyan bu operativ-taktiki raket sisteminin effektsizliyi haqda açıqlamasından sonra Ermənistan və Rusiyada bir çox ekspert İkinci Qarabağ müharibəsində “İsgəndər” raketlərindən istifadə olunmadığını deyirdilər. Məsələ haqda Rusiya Müdafiə Nazirliyi də açıqlama vermişdi: “Moskva Ermənistan ordusunun İkinci Qarabağ müharibəsində “İsgəndər” raketlərindən istifadə etmədiyi ilə bağlı obyektiv və mötəbər sübutlara malikdir”.

Lakin bu günlərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Şuşa şəhərində “İsgəndər” raketlərinin qalıqlarını aşkar edib. Bununla, “İsgəndər” dilemması yenidən mürəkkəbləşib. Üstəlik, raket qalıqları üzərindəki 9M723 indeks kodu yoxlanılıb və onun... “İsgəndər-M” raketinə aid olduğu üzə çıxıb. Halbuki, 500 kilometr mənzilli “İsgəndər-M” raketləri sırf Rusiya hərbi qüvvələrinin istifadəsi üçün nəzərdə tutulub. Bu ölkə yalnız 280 kilometr mənzilli “İsgəndər-E” raketlərini ixrac edə bilər.

Bəs “İsgəndər-M” raketlərinin qalıqları Şuşa şəhərində necə peyda olub? Onları Şuşaya kim atıb? Bu gün bir çox mütəxəssisin cavab tapmağa çalışdığı əsas sual budur. Bu suala cavab tapmaq üçün mühüm əhəmiyyət kəsb edən bəzi fərziyyələrə nəzər yetirmək lazımdır.

Birinci fərziyyə: Rusiya Ermənistana “İsgəndər-E” raketləri əvəzinə “İsgəndər-M” raketləri satıb və Ermənistan silahlı qüvvələri onları Azərbaycana qarşı istifadə edib. Belədirsə, demək, Moskva “Adi silahların və ikili məqsədli məhsul və texnologiyaların ixracına nəzarətə dair” Vassenaar Razılaşmasını pozub. Rusiyalı rəsmilər dəfələrlə deyiblər ki, güclü hücum silahı olan “İsgəndər-M” təbii ki, heç bir dövlətə ixrac edilməyəcək.

İkinci fərziyyə: Ermənistan “İsgəndər-M” raketlərini erməni diasporu vasitəsilə əldə edib və onlar Rusiya gömrüyündən qaçaq yolla keçirilib. Belə olan təqdirdə, günahkarları tapmaq üçün Rusiya ordusunda ciddi araşdırma aparılmalıdır. Bu cür strateji silahların qeyri-qanuni yolla əldə edilməsi təkcə regional təhlükəsizliyə deyil, bütünlükdə dünyaya təhdiddir. Odur ki, Kreml Qarabağda tapılmış “İsgəndər-M” raketləri qalıqları ilə bağlı dərhal araşdırmalara başlamalıdır. Qeyd edək ki, ekspertlər bu tip silahın Rusiyadan qaçaq yolla çıxarıla biləcəyinə o qədər də inanmır.

Üçüncü fərziyyə: bəzi ekspertlər hesab edir ki, Rusiya Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarına mane olmaq üçün ona qarşı “İsgəndər-M” raketlərindən istifadə edə bilərdi. Xatırladaq ki, tərəflər arasında hərbi əməliyyatlar məhz Kremlin müdaxiləsindən sonra başa çatıb. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında ötən il noyabrın 10-da üçtərəfli bəyanat imzalanıb və bununla da Moskva bölgədə atəşkəsə, sülhə zəmanət verən əsas dövlətə çevrilib. Üçtərəfli bəyanata əsasən, Qarabağ regionuna 1960 Rusiya sülhməramlısı, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib. Nəticədə Rusiya Cənubi Qafqazdakı bütün ölkələrdə hərbi mövcudluğunu təmin edib.

Əgər Rusiya Azərbaycana qarşı “İsgəndər-M” raketlərindən istifadə edibsə, bu, Azərbaycan ərazisinə yerləşdirilmiş rusiyalı sülhməramlı kontingentin imicinə, onlara inama böyük zərbə vuracaq.

Rusiya rəsmiləri bu fərziyyələri araşdırmalıdır. Baxmayaraq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Dağlıq Qarabağda “İsgəndər” raketlərindən istifadə edilmədiyini” deyir. Onun sözlərinə görə, bu haqda Vladimir Putinə də məlumat verilib.

Azərbaycan prezidenti İlham Əliyevlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında aprelin 1-də baş tutmuş telefon danışığı zamanı guman ki, bu vacib məsələ də müzakirə edilib. Hər halda, Bakı “İsgəndər-M” dilemmasına aydınlıq gətirilməsini, bu haqda inandırıcı açıqlamanın verilməsini gözləyir.

Qeyd olunduğu kimi, müharibə sona çatıb. Amma savaşa son qoymuş üçtərəfli bəyanatının yerinə yetirilməsi ilə bağlı da bəzi problemlər qalır. Məsələn, Ermənistan hələ də Laçın dəhlizi vasitəsi ilə Qarabağa qeyri-qanuni olaraq hərbi birləşmələr, silah-sursat göndərir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılması ilə bağlı da problemlər var. Bunlar olmasa, bu gün regional intqerasiya və sabitlik üçün mühüm imkanlar mövcuddur. Ermənistanla Azərbaycan xoş niyyət göstərə, barışıq prosesini sürətləndirə bilər. Amma bunun üçün Yerevan noyabr bəyanatının bütün bəndlərini yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu halda Azərbaycan noyabr bəyanatından sonra saxlanılmış ermənilərlə bağlı məsələni həll edə bilər. Nəhayət, postmünaqişə dövründə tərksilah prosesinə başlanılmalıdır.

Qeyd etdiyimiz kimi, “İsgəndər-M” raket kompleksi bütün regiona ciddi təhdiddir. Şuşa hadisəsi açıq şəkildə göstərir ki, bölgədə sülh və sabitliyin möhkəmlənməsi üçün silahlara nəzarət olduqca əhəmiyyətlidir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Eurasia Review

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az