15.05.2021 18:10
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın mədəniyyət paytaxtı 32 il sonra “Xarıbülbül” festivalına yenidən ev sahibliyi edib
 
15.05.2021
KmetroO, İtaliya
 

  Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi
 
11.05.2021
Swissinfo.ch, İsveçrə
 

  AVRO-2020-nin kuboku Azərbaycanda!
 
08.05.2021
Sözcü, Türkiyə
 

  Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı
 
08.05.2021
Daily İslamabad Post, Pakistan
 

  Qarabağda postmüharibə dövrü: Tehran-Bakı münasibətlərində yeni fəsil
 
07.05.2021
MASHREGHNEWS, İran
 

 
 
Nizami Gəncəvinin qonağıyıq

 
 



Bəyan əl-yaum, Mərakeş
26.04.2021


Müəllif: Dr. Məhəmməd Fəqiri (Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti sədrinin müavini)

Bu il Azərbaycanda və bir sıra digər ölkələrdə görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunur. Hətta Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci il bu ölkədə “Nizami Gəncəvi İli” elan edilib.

Azərbaycana, daha dəqiq desəm, yubileyi keçirilən şairin vətəni Gəncə şəhərinə səfərlərimdən birinin xatırlayıram.

Azərbaycan Respublikası islam dünyasının ayrılmaz parçası sayılır. O, dünyada islam dəyərlərinə riayət edən ölkə kimi qəbul edilir. Azərbaycan yerləşdiyi ərazidə miladi təqvimi ilə VII-VIII əsrlərdə geniş yayılmış islam mədəni irsini qoruması ilə məşhurdur. Bu ölkə həqiqətən də əsrlər boyu islam mədəniyyətinin ən mühüm mərkəzlərindən biri olub. O, islam dünyası ilə qarşılıqlı ehtirama, əməkdaşlığa əsaslanan səmərəli münasibətlər qurub. Azərbaycan əsrlər boyu müxtəlif din, mədəniyyət və sivilizasiya nümayəndələrinin birgə yaşadığı yer olub və indi də belədir. Bu ölkə multicultural, dini-mənəvi dəyərlərin, tolerantlığın himayəsində, dinlər və mədəniyyətlər arasında dialoqun gücləndirilməsində fəal rol oynayır.

Şair Nizami Gəncəviyə gəlincə, o, Azərbaycan poeziyasının dayaqlarından biridir. Bu böyük şair poema müəllifi, həmçinin vəsf ədəbiyyatının sütunlarındandır.

Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi miladi təqvimi ilə 1141-ci ildə Gəncə şəhərində dünyaya gəlib, 1209-cu ildə vəfat edib. Onun tam adı Cəmaləddin Əbu Məhəmməd İlyas bin Yusif Nizami Gəncəvidir. O, həyatının böyük hissəsini doğulduğu Gəncədə keçirib. Nizaminin Azərbaycanın görkəmli şəxsləri, Şirvan və Marağanın yerli hökmdarları, poemalarının çoxunu təqdim etdiyi Mosulun dövlət adamları ilə sıx əlaqələri olub.

Şairin doğulduğu Gəncə şəhəri hazırda respublikanın ən böyük şəhərlərindən biridir. Şəhər əsrarəngiz mənzərələri ilə tanınır. Gəncə ta qədimdən həm də müxtəlif sahələrə aid sənətkarları ilə məşhurdur. Şəhər alimlər və şairlər üçün ilham mənbəyi hesab edilir. Gəncədən çoxlu şair, ədib çıxıb və onların çoxu dünyada tanınıb. Onlar öz sahələrində həqiqətən unudulmaz iz qoyublar.

Göründüyü kimi, şair doğulub boya çatdığı şəhərin adını özünə nisbə götürüb. Nizami Səlcuqilər sülaləsinin hakimiyyəti illərində yaşayıb. Uşaq yaşlarında atasını, daha sonra isə anasını itirmiş Nizaminin Qivami Gəncəvi adlı bir qardaşı olub.

Nizami Gəncəvi öz dəsti-xətti ilə seçilmiş, özünəməxsus yol açmış, bu yolu inkişaf etdirmiş görkəmli şairlərdəndir.

Poema yaradıcılığının kökləri bu böyük ədibdən əvvələ gedib çıxsa da, o, hicri təqvimi ilə VI əsrin sonunadək poeziya janrını inkişaf etdirib, onu mükəmməl səviyyəyə çatdırıb. Nizami bu sahədə dövrünün ədiblərini xeyli üstələyib. Nizami poeziyası müxtəlif janrlarda yeni motivləri, yeni məzmunları ilə seçilir. Şair təbiəti, insanları vəsf edərkən çoxlu təşbihlərdən və bədii istiarələrdən istifadə edib, dəqiq təsvirlər yaradarkən xəyal gücünü və məharətini ortaya qoyub.

Ədiblərin əksəriyyətində olduğu kimi, Nizami də elmi terminlərdən, sözlərdən, ərəb dilinə aid tərkiblərdən gen-bol istifadə edib. Onun şeirlərində memarlıq, hikmət və irfan, dəqiq elmlərlə bağlı istilahlar da çox işlənir. Nizaminin şeirləri bu baxımdan olduqca çətin və mürəkkəbdir, eyni zamanda dəqiq məzmuna malikdir. Nizaminin cəlbedici motivlər yaratmaqda özünəməxsus məharətini, poema yaradıcılığındakı təcrübəsini nəzərə alsaq, onun əsərləri yazıldıqdan qısa müddət sonra, yəni hicri təqvimi ilə VII əsrdən bu günümüzədək təqlid edilən nümunələrə çevrilib.

Nizami Gəncəvi intibah ədəbiyyatının yaradıcı mütəfəkkiri kimi tanınır. O, Şərq poeziyasını məzmun və forma ilə zənginləşdirib, bəşəriyyətin tarixindən yeni-yeni fikirlər, ideyalar əxz edib.

Nizami ilkin təhsilini Gəncə mədrəsəsində alıb. Sonradan mütaliə yolu ilə dövrünün elmlərini dərindən öyrənib. O, Yaxın və Orta Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatın əksər nümunələrindən xəbərdar olub. Şairin əsərlərindən məlum olur ki, o, indiki türk dillərindən olan ana dili – Azərbaycan dili ilə yanaşı, bir neçə dili yaxşı bilib. Konkret desək, Nizaminin fars, ərəb və türk dillərini bilirniş. Yunan dili ilə tanışlığı sayəsində isə şair tarix, fəlsəfə, tibb, astronomiya, həndəsə kimi qədim yunan elmlərini mənimsəyib.

Nizaminin mühüm xüsusiyyətlərindən biri həyatı sevməsi, insan ləyaqətini müdafiə etməsi olub. Onun bütün əsərləri hər hansı millətə deyil, bütünlükdə bəşəriyyətə aiddir. Nizami əsərləri, poemaları ilə insaniyyətin yeni mərhələsinin əsasını qoyub. Ərəb şeirlərindən də təsirlənmiş Nizami Gəncəvi əsərləri zamana sığmayan dahi şəxslərdən sayılır.

Bu gün Nizami Gəncəvi ilham mənbəyidir. O, sülhə, qarşılıqlı anlaşmaya, plüralizmə, təcrübə mübadiləsinə əsaslanan fəlsəfənin sahibidir. Şair hər zaman tolerantlıq və dialoqa çağıran prinsiplərə, dəyərlərə inanıb, plüralizmi insan hürriyyətinin əlamətlərindən hesab edib. Nizami birgəyaşayış və anlaşma kimi dəyərləri önə çəkib, dünya tarixi və mədəniyyətində iz qoyub. Onun dəyərini bilənlər qeyd edirlər ki, Nizami saray şairi yox, əksinə xalqın şairi olub, insanların qəlblərində yaşayıb, zamanlar və məkanlar arasında güclü körpülər qurub. Onun şeirləri və əsərləri zaman və məkan hüdudlarını aşır.

Nizami Gəncəvi riyaziyyat, astronomiyaya və s. sahələrə də böyük maraq göstərib.

Nizaminin dahi və istedadlı şair kimi yerini bütün Azərbaycan tənqidçiləri etiraf edir. Onun bu ucalığını biblioqrafik əsərlərin müəllifləri, o cümlədən Aufi, Həmdullah əl-Mustoufi, Dövlətşah Səmərqəndi, Lütfəli bey, eləcə də şairlərdən Sədi, Hafiz, Cami, İsmət əl-Buxari etiraf ediblər.

Nizaminin ən məşhur əsərləri “Xəmsə” (beş poema) adı ilə cəm edilib.

“Sirlər xəzinəsi” sufi mənzum poemasıdır. O, Sənayinin ərsəyə gətirdiyi “Hədiqatul-həqiqə” (“Həqiqət bağı”) və ya Cəmaləddin ər-Ruminin qələmindən çıxmış “Məsnəviye-mənəvi” (“Mənəviyyat məsnəviləri”) əsərlərinin üslubunda yazılmış sufiyanə hekayələrdən, qissələrdən ibarətdir. Poema çoxlu minacat və nət başlıqlarla başlayır. Daha sonra 20 məqalə gəlir. Hər bir məqalə bir fiqhi və ya əxlaqi mövzuya həsr olunub. Şair burada əvvəcə mövzunu nəzəri-mənəvi cəhətdən aydınlaşdırır, sonra isə hekayələrlə mövzunu açır.

“Xosrov və Şirin” poemasında Nizami mövzu və forma baxımdan Firdovsinin yolu ilə gedir. Poemanın mövzusu Sasani şahı II Kisranın macəraları və gözəl sevgilisi Şirin ilə məhəbbətidir. Əsərdə şahın rəqibi Fərhadın hüznlü sonluğu qeyd olunur. Nizami bu qissədə Firdovsinin əsaslandığı mənbələrə, eləcə də başqa bənzər qaynaqlara özünəməxsus şəkildə müraciət edir. Amma Firdovsinin əksinə olaraq, mənbələri obyektiv araşdırmaqdan uzaqlaşır, oradan yalnız məhəbbət hekayəsini əxz edir. Nizaminin poeması təxminən yeddi min beytdir.

“Leyli və Məcnun” poemasında hadisələr ərəb məmləkətində baş verir. Bu qissə hökmdar haqqında deyil. Hekayə adi iki səhra ərəbi arasında yaşanmış hadisədən qaynaqlanır. Onlardan biri qəhrəman, digəri isə sevgili qızdır. Lakin Nizami bu hekayəni “fars rəngi” ilə rəngləyə bilib. Şair poemasını əruz vəzninin həzəc-müsəddəs bəhrində yazıb. Poema dörd min beytdən çoxdur.

“Yeddi gözəl” Nizami Gəncəvinin poemalarından dördüncüsüdür. 50 mindən çox beyti ehtiva edir. Bu məsnəvinin mövzusu “Xosrov və Şirin”in mövzusuna oxşayır və Sasani hökmdarlarından biri olmuş Bəhram Gurla ilə bağlı olan qissədən götürülüb.

“İskəndərnamə” Nizaminin beşinci məsnəvisidir, əruz vəzninin mütəqarib bəhrində yazılıb. Farsdilli poeziyanın əksər nümunələri bu vəzndədir. Bu poema iki hissəyə ayrılır: birinci hissə “Şərəfnamə”, ikinci hissə isə “İqbalnamə” adlanır.

Nizaminin, həmçinin, qəzəllərdən, muvaşşahlardan və qəsidələrdən ibarət 20 min beytlik divanı var. Nizami bu divanını hicri təqvimi ilə 584-cü ildə yazıb.

Azərbaycanın ilk paytaxtı olmuş Gəncəyə 2017-ci ildə Bakıda keçirilən IV Humanitar Forum çərçivəsində baş çəkmişəm. Səfərin birinci günündə şair Nizami Gəncəvinin anadan olmasının ildönümü münasibəti ilə xüsusi görüş keçirilirdi. Görüş UNESCO tərəfindən Gəncə şəhərində təşkil edilmişdi. Təşkilatçılar və yerli idarəetmə orqanlarının nümayəndələri tədbirdə bizim də iştirakımızı istəmişdilər. Bu tədbirə qatılmaq, orada bədahətən çıxış etmək bizim üçün şərəf idi. Tədbirdən sonra Azərbaycanın ilk paytaxtı olmuş Gəncə şəhərinin görməli yerlərini gəzmişdik. Bu zaman diqqətimizi şəhərin milli ənənələri qoruyan, eyni zamanda müasirliklə səsləşən memarlıq intibahı çəkmişdi. Bu, özünü Azərbaycanın bütün şəhərlərində göstərir.

Gəncədə parkın əsas girişi mərmərdən hazırlanmış böyük kitabla – şairin “Xəmsə”sinin obrazları ilə bəzədilib. Heykəli hündür hasar əhatəyə alır. Parkın mərkəzindən sağa gedən yol ziyarətçiləri şairin məqbərəsinə aparır. Küçənin qarşısında Azərbaycan şeirinin atasına həsr edilmiş xüsusi müasir muzey yerləşir...

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Bəyan əl-yaum

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az