15.05.2021 18:26
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın mədəniyyət paytaxtı 32 il sonra “Xarıbülbül” festivalına yenidən ev sahibliyi edib
 
15.05.2021
KmetroO, İtaliya
 

  Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi
 
11.05.2021
Swissinfo.ch, İsveçrə
 

  AVRO-2020-nin kuboku Azərbaycanda!
 
08.05.2021
Sözcü, Türkiyə
 

  Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı
 
08.05.2021
Daily İslamabad Post, Pakistan
 

  Qarabağda postmüharibə dövrü: Tehran-Bakı münasibətlərində yeni fəsil
 
07.05.2021
MASHREGHNEWS, İran
 

 
 
Dağlıq Qarabağ: azad edilmiş ərazilərdə son vəziyyət

 
 



IRNA, İran
01.05.2021


Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Dağlıq Qarabağda müharibəyə son qoymuş üçtərəfli bəyannaməni imzalamalarından 5 ay keçir. Bu müddətdə işğaldan azad edilmiş ərazilərdə gedən proseslər bölgədə tam yeni bir vəziyyətin yarandığından xəbər verir.

Azərbaycan keçən il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş müharibə nəticəsində ona məxsus Dağlıq Qarabağ regionunu erməni işğalından azad edə bilib. İndi Bakı 30 illik işğal nəticəsində tamamilə dağılmış bu əraziləri bərpa etmək əzmindədir. Münaqişənin başa çatması ilə bir sıra ölkələr, o cümlədən İranla onlara məxsus şirkətlərin Dağlıq Qarabağın yenidən qurulması prosesində iştirakı ilə bağlı danışıqlara başlanılıb. Proses bu gün də davam edir.

Xatırladaq ki, 44 günlük müharibə Ermənistanın mütləq məğlubiyyəti ilə bitib. Məhz bu üzdən o, üçtərəfli atəşkəs sazişi imzalamaq və bununla da Dağlıq Qarabağ bölgəsində yerləşən Ağdam, Laçın və Kəlbəcər rayonlarından öz qüvvələrini döyüşsüz çıxarmaq məcburiyyətində qalıb. Lakin bu gün yaşananlar göstərir ki, Yerevan üçtərəfli bəyannamənin müddəalarını qəbul etsə də, onların yerinə yetirilməsinə ciddi maraq göstərmir. Məhz buna əsaslanan Bakı Ermənistana xəbərdarlıq edərək, onu mümkün revanşist addımlardan çəkinməyə çağırıb.

Rusiya sülhməramlıları və atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyannamənin müddəalarından biri atəşkəsə nəzarət edilməsi üçün bölgəyə Rusiya sülhməramlılarının yerləşdirilməsi haqdadır. Hələlik onlar regiona 5 il müddətinə yerləşdirilib. Bu müddətin bitimində tərəflərdən hər hansı etiraz etməzsə, müddət daha 5 il uzadıla bilər.

Rusiya sülhməramlıları bölgəyə müharibə bitdikdən dərhal sonra daxil olublar. Hazırdan onlar Dağlıq Qarabağın bəzi hissələrində, o cümlədən Xankəndi və Laçın şəhərlərində xidmət aparırlar.

Qeyd edək ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycanda bəzi dairələrin məfdi reaksiyasına səbəb olub. Azərbaycanlılar hesab edirlər ki, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan onların rayonlarını məhz Rusiyanın dəstəyi ilə işğal edib. Buna əsaslanan bəzi azərbaycanlılar düşünürlər ki, Rusiyanın sülhməramlılarının Dağlıq Qarabağ bölgəsinə yerləşdirilməsi buradakı ermənilərin separatçı səylərini davam etdirməsinə imkan verir.

Lakin Bakı bölgədəki ermənilərin separatçı hərəkətlərinə dözməyəcəyini bildirir. O, müharibədən sonra Ermənistan rəsmilərinin Dağlıq Qarabağın mərkəzi sayılan Xankəndiyə səfərlərinə sərt reaksiya verib. Azərbaycan buraya onunla razılaşdırılmadan edilən səfərləri qanunsuz sayır.

Üçtərəfli bəyannaməyə görə, Rusiya sülhməramlılarının əsas vəzifələrindən biri bölgədə hər hansı qanunsuz silahlı qüvvənin mövcudluğunun qarşısını almaqdır. Bakı erməni həbri qüvvələrinin Dağlıq Qarabağ bölgəsinə göndərilməsini də qeyri-qanuni sayır və belə halların qarşısının qətiyyətlə alınacağını bildirir. Yeri gəlmişkən, 44 günlük müharibənin başa çatmasından bir ay sonra Azərbaycan tərəfi Dağlıq Qarabağda bir qrup erməni hərbçisini saxlayıb. Onları terrorçu hesab edən Bakı bu üzdən həmin şəxsləri Ermənistana təhvil verməkdən imtina edir. Nəticədə Yerevan məsələni beynəlxalq qurumlarda, o cümlədən Avropa Şurası Parlament Assambleyasında da qaldıraraq, Bakını hərbi əsirləri geri qaytarmamaqda günahlandırır.

Bütün bunlarla yanaşı, Azərbaycan cəmiyyətində Rusiya sülhməramlıları ilə bağlı narahatlıq olsa da, Bakı indiyə qədər onların Dağlıq Qarabağdakı fəaliyyətinə ciddi irad bildirməyib.

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyannamənin müddəalarından daha biri Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılmasını nəzərdə tutur. 120 hərbçinin (hər ölkədən 60 hərbçi) işlədiyi Birgə Mərkəz yanvarın sonunda fəaliyyətə başlayıb. O, Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonunda yerləşir.

Birgə Mərkəzin fəaliyyətə başlamasından üç ay keçməsinə baxmayaraq, bu günədək onun fəaliyyətinin təfərrüatları barədə heç bir məlumat yoxdur.

Şuşaya “İsgəndər” raketinin atılması ilə bağlı müəmma

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi martın ortalarında Şuşada Rusiya istehsalı olan “İsgəndər-M” raketlərinin qalıqlarının aşkarlandığını elan edib. Bu, Azərbaycanın ciddi reaksiyasına səbəb olub və məsələ bu gün də ölkə gündəmindədir. Bakıda bildirirlər ki, beynəlxalq hüquqa görə ixracı qadağan olan “İsgəndər-M” raketlərinin Ermənistan ordusunun əlinə neçə keçdiyinə aydınlıq gətirilməlidir.

Azərbaycanlı siyasi ekspert Elşən Manafov bildirir ki, Rusiya Ermənistana yalnız 280 km mənzilli “İsgəndər-E” raketləri verə bilər. 500 km mənzilli “İsgəndər-M” raketlərinin ixracı isə qanunla qadağandır: “Bu raketlər Şuşaya Ermənistandan atılsa da, Rusiyanın tərəfsizliyi ilə bağlı suallar yaradır. Rusiyanın Ermənistanı bu raketlərlə təchiz etməsi Azərbaycana qarşı təhdiddir. Belə hallar Rusiyanın sülhməramlı missiyası ilə bağlı suallar yaradır”.

Məsələyə şəxsən Azərbaycan prezidenti İlham Əliyev də reaksiya verib. O, Rusiya Müdafiə Nazirliyinin bu haqda açıqlamasının inandırıcı olmadığını bildirib. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Qarabağ savaşı zamanı bu raketlərdən atəş açılmasını qeydə almadıqlarını açıqlayıb. Prezident İlham Əliyev hesab edir ki, bu, Azərbaycan tərəfinin məsələ ilə bağlı Moskvaya ünvanladığı məktuba tam cavab deyil.

“Bizim məktubumuzda əsas sual ondan ibarət idi ki, ixrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb? Axı, bu, mümkün deyil. Bunun iki yolu var: ya qaçaqmalçılıq yolu ilə, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə”, - deyə İlham Əliyev qeyd edib: “Bu suala bizə cavab verilməlidir. Biz bu cavabı gözləyirik. Biz bir çox məsələləri özümüz üçün aydın etmişik. Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur. Əlbəttə ki, bu, xoşagələn vəziyyət deyil”.

Azərbaycanla Rusiya arasında strateji əlaqələrin olduğunu, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda, o cümlədən Xankəndi və ətraf ərazilərdə Bakının razılığı ilə yerləşdirildiyini xatırladan Əliyev deyib: “Biz hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı bizim əlaqələrimizi möhkəmləndirəcək… Ancaq “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır. Biz ümid edirik ki, bu məsələyə aydınlıq gətiriləcək. Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır”.

Azərbaycan prezidenti Rusiya KİV-mim “İsgəndər-M” raketləri ilə bağlı məsələyə münasibətini cəfəngiyyat adlandırıb. O, Rusiya mətbuatında guya Azərbaycan və Türkiyənin həmin raketlərin qalıqlarını Şuşaya Suriyadan gətirdiklərinə dair fikirlərin yer aldığını xatırladıb, bu cür iddiaların qəbuledilməz olduğunu söyləyib. Dövlət başçısının sözlərinə görə, Qarabağ müharibəsi zamanı Rusiyadan Ermənistana qaçaq yolla, qanunsuz şəkildə sərnişin təyyarələri ilə külli miqdarda silah daşınıb və Bakının bunu sübut etmək üçün kifayət qədər faktı var. “Biz bir çox şeyləri bilirik. Sadəcə olaraq, lazım olan vaxtda və məqamda bəzi şeyləri açıqlayırıq. Ona görə hesab edirəm ki, bütün tərəfdaşlar bizimlə səmimi davranmalıdırlar”, - deyə İ.Əliyev bildirib.

Minsk qrupu vasitəçiliyi bərpa etməyə çalışır

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə vasitəçilik etməli olan ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin 13-də növbəti bəyanatını yayıb. Qrup vasitəçilik fəaliyyətini bərpa etməyə hazır olduğunu bildirir.

Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək məqsədilə 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupuna 1997-ci ildən ABŞ, Fransa və Rusiya həmsədrlik edirlər. Lakin bu qrupun 28 illik fəaliyyəti heç bir nəticə verməyib. Minsk qrupunun həmsədrlərini son dəfə ötən il dekabrın 12-də qəbul etmiş İlham Əliyev o zaman bildirmişdi ki, “Azərbaycan 30 ilə yaxın davam etmiş Dağlıq Qarabağ münaqişəsini özü həll etdi”. O, demişdi ki, Minsk qrupunun son 28 ildə lazımi səlahiyyətlərə sahib olsa da, münaqişənin həllində heç bir rol oynaya bilməyib. Bununla yanaşı, Azərbaycan prezidenti beynəlxalq vasitəçilərin gələcəkdə regionda bəzi məsələlərin həllində, o cümlədən ölkələrin sərhədlərinin müəyyənləşdirilməsi və qarşılıqlı fəaliyyətin qurulmasında rol oynaya biləcəyini söyləyib.

Azad edilmiş ərazilərin minalardan təmizlənməsi

Bu gün işğaldan azad olunmuş, tamamilə dağıdılmış və məhv edilmiş ərazilərin minalardan təmizlənməsi problem də var. Bu gün Azərbaycanın həmin torpaqlarda abadlıq-quruculuq işləri aparmasına, iqtisadi layihələrin reallaşdırılmasına başlamasına əsas maneə məhz minalardır. Buna görə də Azərbaycan Türkiyə və Rusiya da daxil olmaqla, bəzi ölkələrlə əməkdaşlıq çərçivəsində Qarabağın minalardan təmizlənməsi istiqamətində geniş iş aparır. Bu yaxınlarda bəzi digər dövlətlər də Azərbaycana bu işdə yardım göstərməyə hazır olduqlarını bildiriblər.

Azərbaycanın dövlət orqanlarının məlumatına görə, Dağlıq Qarabağ müharibəsi başa çatdıqdan sonra azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində yüzdən çox insan həlak olub və ya yaralanıb.

Problemi daha da çətinləşdirən məqam Ermənistanın minalı ərazilərin xəritələrini Bakıya təqdim etməkdən boyun qaçırmasıdır. Artıq Azərbaycan məsələni beynəlxalq qurumlarda da qaldırıb.

Bu azmış kimi, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkəsinin Dağlıq Qarabağda minaların təmizlənməsi işində iştirak etmək üçün BMT-yə müraciət etdiyini, lakin müraciətə bu günədək cavab almadıqlarını bildirib. Bölgədə saysız-hesabsız minanın basdırıldığını, bu üzdən də insanların həmin ərazilərə qayıda bilmədiklərini vurğulayan Şoyqu deyib: “BMT-nin Minalardan Təmizləmə Mərkəzinin də prosesində iştirak etməsini istəmişik. Lakin onlar hələ də bölgəyə heç kimi göndərməyiblər”.

Azərbaycan prezidenti İlham Əliyev isə ölkəsinin minaların təmizləməsi prosesini sürətləndirmək üçün müasir avadanlıqlardan istifadə edəcəyini deyib, təmizləmə prosesini həyata keçirən qruplarının sayının artırılması üçün lazımi tədbirlərin görüldüyünü bildirib.

İşğaldan azad edilmiş ərazilərdə bərpa işləri

Bütün bunlarla yanaşı, müharibə başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə elektrik xətlərinin çəkilişi, yeni yolların salınması daxil olmaqla, bir sıra infrastruktur layihəsinin icrasına başlayıb. Bu layihələrin həyata keçirilməsi ilə eyni vaxtda Azərbaycan bir sıra ölkələrlə onların şirkətlərinin azad edilmiş ərazilərin yenidən qurulması prosesində iştirakı üçün danışıqları davam etdirir. Bu haqda Azərbaycanla İran arasında da danışıqlar aparılır. Hazırda azad olunmuş Füzuli şəhərindən daha bir azad edilmiş, strateji əhəmiyyətə malik Şuşa şəhərinə yeni yolun çəkilişi, eləcə də Füzuli şəhərində beynəlxalq hava limanının inşası sürətlə davam etdirilir. Azərbaycan yaxın gələcəkdə bölgənin müxtəlif istiqamətlərində yeni yolların çəkilməsi ilə yanaşı, Dağlıq Qarabağın Zəngilan və Laçın bölgələrində daha iki hava limanının tikintisinə başlamağı planlaşdırır.

İşğal zamanı Dağlıq Qarabağda bir çox şəhər və qəsəbə yerlə-yeksan edilib. Odur ki, Bakı onları mərhələli şəkildə bərpa etməyi düşünür. Həmçinin yaxın gələcəkdə İranla sərhəddə yerləşən Zəngilan rayonunun ərazisində üç “ağıllı kənd”in inşası üçün ilk pilot layihənin icrası nəzərdə tutulur.

Azərbaycan prezidenti deyib ki, dövlət işğaldan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, Qarabağa dəymiş ziyanın hesablanması prosesini davam etdirir. Bu işə xarici mütəxəssislər də cəlb olunub. İ.Əliyevin sözlərinə görə, hesablama başa çatdıqdan sonra Azərbaycan beynəlxalq məhkəmələrdə Ermənistana qarşı iddia qaldıracaq və ona bu işdə xarici mütəxəssislər də kömək edəcək. Prezident Ermənistanı və bəzi xarici şirkətləri işğal olunmuş ərazilərdə qızıl və mis mədənləri də daxil olmaqla, təbii sərvətləri qanunsuz istismar etməkdə günahlandırıb. Bakı bütün bu məsələlərlə bağlı beynəlxalq məhkəmələrə müraciət edəcək.

Azərbaycan prezidenti həmçinin bir çox xarici şirkətin azad edilmiş ərazilərin bərpası prosesində iştirak etməkdə maraqlı olduğunu deyib. Onun sözlərinə görə, Bakı bu şirkətlərin təqdim etdikləri bütün layihələri diqqətlə nəzərdən keçirir.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az