15.05.2021 19:14
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın mədəniyyət paytaxtı 32 il sonra “Xarıbülbül” festivalına yenidən ev sahibliyi edib
 
15.05.2021
KmetroO, İtaliya
 

  Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi
 
11.05.2021
Swissinfo.ch, İsveçrə
 

  AVRO-2020-nin kuboku Azərbaycanda!
 
08.05.2021
Sözcü, Türkiyə
 

  Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı
 
08.05.2021
Daily İslamabad Post, Pakistan
 

  Qarabağda postmüharibə dövrü: Tehran-Bakı münasibətlərində yeni fəsil
 
07.05.2021
MASHREGHNEWS, İran
 

 
 
Azərbaycan Xəzər dənizinin enerji xəritəsini necə dəyişdi?

 
 



Moderndiplomacy, Aİ
03.05.2021


Müəllif: Şahmar Hacıyev

Sovet İttifaqının dağılmasından sonra Xəzər dənizi regionunun geosiyasətində neft və qaz mühüm rol oynayır. Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi Xəzər hövzəsi ölkələrinin iqtisadi inkişafında məhz karbohidrogen resurslarından əldə olunan gəlirlər mühüm amilə çevrilib. Region dövlətləri 1990-cı illərin əvvəllərində müstəqillik qazandıqdan qısa müddət sonra öz milli maraqlarına əsaslanan enerji siyasətinə başlayıblar.

BP şirkətinin 2020-ci il Dünya Enerjisi üzrə Statistik İcmalına görə, Xəzəryanı dövlətlərin sübut edilmiş enerji ehtiyatları belədir: Qazaxıstan - 30 milyard barrel neft, 2,7 trilyon kubmetr qaz, Azərbaycan - 7 milyard barrel neft, 2,8 trilyon kubmetr qaz, Türkmənistan - 0,6 milyard barrel neft, 19,5 trilyon kubmetr qaz.

Xəzəryanı dövlətlərin zəngin karbohidrogen ehtiyatlarına malik olması onlara dünya enerji bazarına mühüm töhfələr vermək imkanı yaradıb. Bu gün Xəzər hövzəsi ölkələri müxtəlif enerji bazarlarına neft-qaz tədarük edir. Bununla yanaşı, onlar ixrac həcmini artırmaqda, eyni zamanda ixrac marşrutlarını şaxələndirməkdə maraqlıdırlar.

Hazırda Türkmənistanla Qazaxıstan enerji resurslarını əsasən Çin və Rusiyaya tədarük edir. Azərbaycanın karbohidrogen resursları isə onlardan fərqli olaraq, Avropa və Transatlantik məkanına ixrac olunur.

Məlum olduğu kimi, Xəzərin okeana çıxışı yoxdur. Üstəlik, regionun karbohidrogen resursları əsas enerji tədarükçülərindən uzaqda yerləşir. Odur ki, bu bölgədə neft-qaz ixracı üçün infrastrukturun yaradılması mühüm əhəmiyyət kəsb edirdi. Bu mənada dönüş nöqtəsi Azərbaycanın Xəzər neft-qazını ilk dəfə beynəlxalq bazarlara çıxarmaq üçün həyata keçirdiyi layihələr olub. O, enerji sahəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Cənub Qaz Dəhlizi” qaz xətti kimi meqalayihələr həyata keçirib. Bu gün əminliklə demək olar ki, bu iki enerji layihəsi Azərbaycanın uğurla həyata keçirdiyi enerji siyasətinin nəticəsidir.

Doğrudur, COVID-19 pandemiyasına görə enerji resurslarının tədarükündə azalma müşahidə olunur. Amma Azərbaycan buna rəğmən, dünya enerji bazarına tədarükü davam etdirir. “Azəri-Çıraq-Günəşli” yatağından hasil olunan neft Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə ixrac olunur. Buraya “Şahdəniz” yatağının kondensatı da daxildir. Bu da son deyil. Türkmənistan, Qazaxıstan və Rusiya daxil olmaqla, digər ölkələrin neft və kondensatı da bu kəmər vasitəsilə nəql edilir. Bir sözlə, Bakı-Tbilisi-Ceyhan kəməri Xəzərin neft resurslarını Avropa bazarlarına çıxarır. 2020-ci ildə bu kəmərlə 27,8 milyon tondan çox neft nəql edilib. O, Ceyhan limanında 278 tankerə yüklənib.

Yeri gəlmişkən, Azərbaycan neftinin əsas alıcıları Avropa və Asiya ölkələridir. Məsələn, Azərbaycanın neft ixrac etdiyi əsas iki ölkə İtaliya (26,2%) ilə Çindir (14%).

“Cənub Qaz Dəhlizi” layihəsi tikintisinin uğurla başa çatması isə Azərbaycanın Xəzər dənizi regionunda mövqeyini daha da gücləndirib. Dəhlizin Avropa seqmenti olan TAP kəməri ilə Xəzər dənizinin ilk qaz Avropa bazarlarına 2020-ci ilin dekabrında çatdırılıb. TAP konsorsiumunun məlumatına əsasən, Kipoi bölgəsindəki stansiya vasitəsilə Avropaya bu günədək 1 milyard kubmetr qaz tədarük edilib. TANAP-la TAP məhz Kipoidə birləşir. Bir sözlə, TAP kəməri Avropaya enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə mühüm töhfə verir.

Xəzər dənizi hövzəsinə aid növbəti tarixi hadisə Azərbaycanla Türkmənistanın yaxınlaşmasıdır. Bakı ilə Aşqabad arasında Xəzər dənizində yerləşən “Dostluq” yatağının (bir zamanlar Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı) birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Bu, Xəzər dənizinin enerji xəritəsinə müsbət dəyişiklik edəcək mühüm hadisədir.

Artıq sənəd həm Azərbaycan, həm də Türkmənistan parlamenti tərəfindən ratifikasiya olunub. Beləliklə, bu Xəzəryanı ölkələr ilk dəfə enerji sahəsində əməkdaşlıqla bağlı razılığa gəliblər. Bu, Türkmənistandan Azərbaycana Transxəzər kəmərinin çəkilməsinə də yol açır. Bir sözlə, bu əməkdaşlıq və türkmən neft-qazının Azərbaycanın mövcud enerji infrastrukturu ilə nəqli transregional əməkdaşlıqda mühüm dönüş nöqtəsi olacaq.

Xəzər dənizi və Mərkəzi Asiya ölkələri qazının Avropanın enerji bazarlarına tədarükü hər zaman cəlbedici olub. Odur ki, Transxəzər boru xətti ABŞ ilə Avropa üçün də strateji enerji layihəsidir. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından sonra isə Avropa İttifaqının (Aİ) rəsmiləri Türkmənistanla Transxəzər layihəsi ilə bağlı danışıqları bərpa edib. 2019-cu ilin mayında Türkmənistan prezidentinin neft və qaz məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyəti Aİ təmsilçiləri ilə texniki məsələləri müzakirə ediblər. Türkmənistanın nümayəndə heyəti Avropa Komissiyası Enerji Baş Direktorluğunun, həmçinin BP, “Shell” və “Total” şirkətlərinin nümayəndələri ilə görüşüb.

Transxəzər layihəsi Avropaya qaz mənbələri və marşrutlarının şaxələndirilməsinə töhfə verəcək. Bu layihə ilə Türkmənistandan Azərbaycana, Azərbaycan, Gürcüstan və Türkiyədən isə Aİ-yə qaz tədarük olunacaq. Ümumiyyətlə, bu layihə Transxəzər boru xətti ilə Cənubi Qafqaz Boru Kəmərinin kombinasiyası olacaq. Odur ki, layihə Aİ-nin “Ortaq maraq layihələri”nə aidir.

Bu gün Azərbaycan şübhəsiz ki, regionda əsas enerji oyunçularından biridir. Məhz onun həyata keçirdiyi meqalayihələr Xəzər dənizi neft-qazının qlobal enerji bazarlarına çıxarılmasında mühüm rol oynayır. Amma İkinci Qarabağ müharibəsi regionda sülh və təhlükəsizliyin mühüm əhəmiyyət kəsb etdiyini göstərib. Bir zamanlar Ermənistan Xəzər dənizinin enerji resurslarını Qərb bazarları ilə birbaşa birləşdirən Bakı-Tbilisi-Ceyhan kəməri ilə “Cənub Qaz Dəhlizi” layihəsinə təhdid yaradır, onları vuracağı ilə hədələyirdi. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirmişdi ki, “Ermənistan Bakı-Tbilisi-Ceyhan kəmərinin Yevlax rayonundan keçən hissəsi kaset bombalar atıb”.

Xoşbəxtlikdən, Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı strateji infrastrukturları qoruya bildi və enerji tədarükündə məhdudiyyətlər yaşanmadı. Buna baxmayaraq, mühüm əhəmiyyət kəsb edən enerji infrastrukturuna hücumlar göstərib ki, regionda qeyri-sabitlik çox sayda dövlətin maraqlarına ziyan vura bilər.

Bir sözlə, Azərbaycan enerji sahəsindəki meqalayihələri, Xəzər dənizi regionunda enerji sahəsində əməkdaşlığı genişləndirməsi ilə Xəzər dənizi hövzəsinin enerji xəritəsini dəyişib. İkinci Qarabağ müharibəsindəki qələbədən sonra isə o, nəqliyyat və kommunikasiya əlaqələrinin açılması yolu ilə tam regional iqtisadi əməkdaşlığı dəstəkləyir.

Bu gün Xəzər dənizi regionunun əhəmiyyəti daha da artıb. Bakı Türkmənistan qazının “Cənub Qaz Dəhlizi” vasitəsilə Aralıq dənizinə nəqli ideyasını dəstəkləyir. Bu isə “Cənub Qaz Dəhlizi”nin geostrateji əhəmiyyətini, həmçinin Azərbaycanın tranzit ölkə rolunu daha da artıracaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Moderndiplomacy

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az