21.06.2021 22:21
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Şuşa Bəyannaməsi tarixi sənəddir”
 
21.06.2021
Anadolu Ajansı, Türkiyə
 

  Yeni Zəngəzur dəhlizi regional inkişaf üçün imkanlar açacaq
 
21.06.2021
Eurasia Review, ABŞ
 

  Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə müttəfiqliyi
 
21.06.2021
Turquie News, Fransa
 

  FOTO| Türkiyə Ermənistanı dəhlizə salır
 
19.06.2021
Kommersant, Rusiya
 

  Qarabağdan, Şuşadan verilən əsas mesaj nə idi?
 
19.06.2021
HABERTÜRK, Türkiyə
 

 
 
Dağlıq Qarabağda piyada əleyhinə minalar: Fransa reaksiya verməlidir!

 
 



MUSULMANS EN FRANCE, Fransa
08.06.2021


Azərbaycanın Kəlbəcər rayonunda işğal dövründə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində iki azərbaycanlı jurnalist – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru Sirac Abışov həlak olublar, daha 3 nəfər, o cümlədən AzTV-nin bir əməkdaşı yaralanıb.

Fransada 13-cü seçki dairəsindən deputat, Xarici və Avropa İşləri Komissiyasının üzvü Frederik Düma məsələyə münasibət bildirərək deyib: “Fransa və beynəlxalq ictimaiyyət Ermənistandan basdırdığı minaların xəritələrini Bakıya verməsini tələb etməlidir. Mülki şəxslər münaqişələrin girovuna çevrilməməlidirlər. Sülhə nail olmağın yeganə yolu bütün tərəflərin beynəlxalq hüquqa riayət etməsindən keçir”.

Bununla belə, Rusiya, Azərbaycan və Ermənistan arasında 2020-ci il noyabrın 10-da imzalanmış və Dağlıq Qarabağ bölgəsindəki münaqişəyə son qoymuş üçtərəfli razılaşmaya baxmayaraq, Yerevan torpağa, o cümlədən yollara, abidələrə və hətta qəbiristanlıqlara basdırdığı minaların xəritələrini qarşı tərəfə verməkdən inadkarcasına boyun qaçırır. Bu isə beynəlxalq hüquqa, ən adi humanitar prinsiplərə tamamilə ziddir. Bununla Ermənistan Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasını, həmçinin Konvensiyanın mülki əhali arasında itkilərə səbəb ola biləcək bəzi növ klassik silahların istifadəsinin qadağan olunması və məhdudlaşdırılmasına dair 1996-cı ildə yenidən işlənib hazırlanmış İkinci Protokolunu bilərəkdən pozur.

Müvafiq sənədlərdə xüsusilə qeyd olunur ki, tərəflərdə biri minalanmış sahələrə, zonalara, yaxud mina, tələ və ya digər partlayıcı qurğuların yerləşdirildiyi ərazilərə nəzarət etmirsə, yuxarıda göstərilən maddənin ikinci paraqrafına uyğun olaraq, bununla bağlı məlumatı əraziyə nəzarət edənə ötürməli, əgər ehtiyacı varsa, ona texniki və ya maddi dəstək göstərməlidir.

Ermənistan, eyni zamanda, BMT-nin piyada əleyhinə minaların istifadəsi, saxlanılması, istehsalı və daşınmasının qadağan olunması üzrə 1999-ci il tarixli Konvensiyasının müddəalarını da pozur. Bu Konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənməmiş ərazilərin xəritələrini bir-birinə təhvil vermək, piyada əleyhinə minalardan istifadə etməmək haqda öhdəlik götürür.

Yeri gəlmişkən, senatorlar piyada əleyhinə minaların ləğvi üzrə milli komissiyanın hesabatında qeyd edirlər ki, “Fransa piyadalar əleyhinə mina ilə bağlı müzakirələrin beynəlxalq müstəviyə çıxarılmasına böyük töhfə verib. 1980-ci il Cenevrə Konvensiyasının müddəasına uyğun olaraq, 1993-cü ildə çatışmazlıqları aradan qaldırmaq üçün İkinci Əlavə Protokolun yenidən nəzərdən keçirilməsi məqsədilə BMT-nin baş direktorundan konfrans çağırılmasını məhz Fransa xahiş edib. Paris bununla protokolun yerli silahlı münaqişələrə də tətbiq olunmasını, bəzi minaların istifadəsini qadağan edən və ya məhdudlaşdıran qaydaların gücləndirilməsini, daşınma və beynəlxalq yoxlama ilə bağlı tədbirlərin çatışmazlığını aradan qaldırılmasını istəyib. Diplomatik fəaliyyəti və beynəlxalq yardımlarda fəal iştirakı ilə Fransa piyada əleyhinə minalarla mübarizənin daim ön sıralarında olub. Konvensiyaya üzv olması isə onun üzərinə xüsusilə istifadə sahəsində yeni öhdəliklər qoyur və o, bu öhdəliklərə tezliklə əməl etmək niyyətindədir”.

Beynəlxalq Qızıl Xaç Komitəsinin vitse-prezidenti Jil Karbonye hələ 2020-ci il noyabrın 16-da deyirdi ki, “Minaların Qadağan Olunması haqqında Konvensiya dünyada silahlar haqqında bütün zamanların əsas müqavilələrindən biridir. 1999-cu ildə qüvvəyə minmiş Konvensiya indiki və gələcək nəsilləri piyada əleyhinə minaların yaratdığı təhlükələrdən qoruyur və qoruyacaq. Dövlətlərin üzərinə artıq basdırılmış minalarla bağlı təhlükəni aradan qaldırmaq, bu cür silahların zərərləri barədə məlumatlılığı artırmaq və qurbanlara yardım göstərmək öhdəliyi qoyan ciddi humanitar fəaliyyət planı ilə dəstəklənən Konvensiya bu cür qurğuların istifadəsini, saxlanmasını, istehsalını və daşınmasını tamamilə qadağan etməklə, mülki itkilərin illik sayının təxminən 90% azalmasına imkan verib”.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargahının rəhbəri İdris İsmayılov “France 24”ə bildirib ki, təmsil etdiyi qurum BMT-nin maliyyə dəstəyi ilə indiyədək piyada əleyhinə təxminən 4500, tank əleyhinə 2500 mina, eyni zamanda, 750 partlamamış digər sursat zərərsizləşdirib: “Lakin Ermənistan əlindəki xəritələri bizə təqdim etməzsə, BMT və QHT-lərin maliyyə dəstəyi ilə aparılan bu işin tam başa çatdırılmasına onilliklər lazımdır”.

Qarabağda müharibə başa çatdıqdan sonra minalar 20-dən çox insanın ölümünə səbəb olub. Daha nə qədər qurban olmalıdır ki, Minsk qrupuna həmsədrlik edən Fransa məsələyə reaksiya versin, Ermənistan hökumətinin, nəhayət, beynəlxalq hüquqa riayət etməsi üçün zəruri tədbirlər görsün? Bu istər erməni, istərsə də Azərbaycan xalqının təhlükəsizliyi üçün vacibdir.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: MUSULMANS EN FRANCE

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az