24.07.2021 02:33
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın Yerusəliminə 34 il sonra baş tutan qayıdış
 
23.07.2021
JEWISH JOURNAL, ABŞ
 

  Azərbaycan xüsusi təyinatlıları Qarabağı necə azad edib?
 
21.07.2021
Əl-Arabi əl-yaum, Misir
 

  Azad olunmuş Ağdam rayonu ciddi dəyişikliklər astanasındadır
 
19.07.2021
Algornalgy, Misir
 

  Qafqazın ən gözəl məkanı olan Şuşa öz gözəl ruhunu geri qaytarır
 
15.07.2021
Əl-Hərir, Əlcəzair
 

  Azərbaycanda yaradılan azad iqtisadi zona Qafqazın çiçəklənməsinə yardım göstərəcəkmi?
 
15.07.2021
Eureporter, Aİ
 

 
 
Nizami Gəncəvi: böyük Azərbaycan şairi

 
 



Daily Times, Pakistan
09.07.2021


Müəllif: Nur-ul-ayn Ali Rizvi

Şərq intibah dövrünün ən böyük nümayəndəsi olan Nizami Gəncəvi 1141-ci ildə Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri, Azərbaycan Atabəylər dövlətinin paytaxtı Gəncə şəhərində anadan olub. Onun soyadı məhz doğulduğu şəhərlə bağlıdır: “Gəncəvi” Gəncədən olan deməkdir.

Nizami Gəncəvi fəlsəfə ilə poeziyanı tarix və əfsanələrlə birləşdirib. Bununla o, günümüzədək yaşayan zəngin ədəbiyyat irsi yaradıb. Nizami Gəncəvi riyaziyyat, islam teologiyası, tarix, fəlsəfə, etika, fars və ərəb ədəbiyyatı daxil olmaqla, nümunəvi təhsil alıb. Onun təhsili çox vaxt şeirlərində də əks olunub. Azərbaycanlı şair 13 yaşından şeirlər yazıb.

Nizami Gəncəvi beş məsnəvisi, yəni Xəmsə ilə məşhurlaşıb: “Sirlər xəzinəsi” (1175), “Xosrov və Şirin” (1180), “Leyli və Məcnun” (1188), “Yeddi gözəl” (1197) və iki hissədən – “Şərəfnamə” və İqbalnamə”dən ibarət “İsgəndərnamə” (1203).

Xəmsəni təşkil edən 5 poemanın hər biri xüsusi tərzdə yazılıb. Bu əsərlər böyük Nizami Gəncəvi məktəbinin təməli sayılır. Nizami Gəncəvi məktəbi ədəbiyyata bu gün də öz təsirini göstərir. Onun əsərləri unikal poetik yenilik idi və universal mövzuları özündə əks etdirirdi. Məhz bu üzdən Nizaminin əsərləri ölkə hüdudlarını aşıb, müxtəlif ölkələrin ədəbiyyatına öz təsirini göstərib.

Şair, alim və filosof kimi tanınan Nizami Gəncəvi öz əsərlərində cəmiyyətdə insanlığın necə inkişaf etdiyini araşdırırdı. Onun romantik epik poemalarında isə çoşğun emosiyalar və insanlıqla bağlı fəlsəfi düşüncələr əks olunub. Nizami Gəncəvi bütün həyatı boyu elmə, biliyə can atıb. Üstəlik, o, poetik istedadı sayəsində təcrübəsini iki qat artıra bilib. Bir sözlə, bu iki keyfiyyəti şairin insanlığın xoşbəxtliyi ilə bağlı elmi və fəlsəfi araşdırmalarına böyük töhfə verib.

Nizami irsi onun ölümündən sonra da ədəbiyyata təsiri uzun illər davam etdirib. O, ədəbiyyatda xalq dilindən istifadənin əsas tərəfdarlarından olub. Yeni üslub konsepti və yeni ədəbiyyat formasının əsasını qoymuş bu şəxin ərsəyə gətirdiyi əsərlər İran, Türkiyə, Mərkəzi Asiya və Hindistan ədəbiyyatına da təsir göstərib. Bu ölkələrin şairləri forma və mövzu olaraq Nizami Gəncəvinin Xəmsəsini təqlid ediblər. Nizamidən sonra yaşamış şairlər – Əbdürrəhman Cami, Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai, Məhəmməd Füzuli də onun təsirində olublar.

Bu azərbaycanlı şairin əsərləri bir çox dilə tərcümə edilib. Onun nadir əlyazmalarının surətləri müxtəlif şəhərlərdə yerləşən məşhur kitabxana, muzey və ədəbiyyat fondlarında qiymətli inci kimi qorunub saxlanılır. Məsələn, Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd, Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s. Nizaminin əsərləri ingilis, alman, italyan, ispan, rus, yapon və s. dillərə tərcümə olunub. Şairin həyatı da ciddi tədqiqat mövzusudur.

Nizami Gəncəvi 1209-cu ildə doğma Gəncə şəhərində vəfat edib. Onun məzarı üzərində möhtəşəm məqbərə ucaldılıb. Bu gün Azərbaycanın bir çox şəhərlərində, həmçinin Moskva, Roma, Sankt-Peterburq, Kiyev, Pekin, Daşkənd, Kişinyov kimi şəhərlərdə Nizami Gəncəvinin heykəli var.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Daily Times

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az