24.07.2021 01:18
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanın Yerusəliminə 34 il sonra baş tutan qayıdış
 
23.07.2021
JEWISH JOURNAL, ABŞ
 

  Azərbaycan xüsusi təyinatlıları Qarabağı necə azad edib?
 
21.07.2021
Əl-Arabi əl-yaum, Misir
 

  Azad olunmuş Ağdam rayonu ciddi dəyişikliklər astanasındadır
 
19.07.2021
Algornalgy, Misir
 

  Qafqazın ən gözəl məkanı olan Şuşa öz gözəl ruhunu geri qaytarır
 
15.07.2021
Əl-Hərir, Əlcəzair
 

  Azərbaycanda yaradılan azad iqtisadi zona Qafqazın çiçəklənməsinə yardım göstərəcəkmi?
 
15.07.2021
Eureporter, Aİ
 

 
 
FOTO| Bakı: qədimiliklə müasirliyin qovuşduğu şəhər

 
 



Hürriyet, Türkiyə
14.07.2021


Müəllif: Saffet Emre Tonguç

“Küləkli şəhər” də adlandırılan Bakı. Kəşf edilməsini gözləyən bu ölkənin çölləri, uca dağları, gölləri, qayalıqları heyrətamiz dərəcədə gözəldir. Paytaxtda gecələr tarixi daş binaların işıqlandırılması, geniş bulvarın, çoxsaylı parkların və göydələnlərin “işıqlı rəqsi” sizi valeh edəcək...

Bu yaxınlarda futbol üzrə Avropa çempionatı çərçivəsində Türkiyə-Uels matçını izləmək üçün Bakıda idim. Böyük ümidlərlə başlayan matç azərbaycanlıların böyük dəstəyinə baxmayaraq, məğlubiyyətlə bitdi. Ancaq səfər Şərqin Parisi adlandırılan bu şəhəri yenidən kəşf etməyimə imkan verdi. Bakının müasir simasını həm yeni binalarında, həm də sakinlərində görmək mümkündür.

Bu dəfə Alfred Nobelin evini də baş çəkəcəyim məkanların siyahısına əlavə etmişdim. Nobel ailəsi qazancının az qala yarısını Azərbaycan neftindən əldə edib. Onların Bakıdakı böyük malikanəsi hələ də qalır. Buradakı bəzi əşyalar orijinaldır, bəzi əşyalar isə bolşevik inqilabı zamanı oğurlanıb.

Evin ikinci mərtəbəsində restoran yerləşir. Burada Azərbaycan mətbəxinin təamlarını dada bilərsiniz.

Dinamit ixtiraçısı olmuş Nobelin vəsiyyəti ilə yaradılmış fond 1901-ci ildən bu yana hər il bəşəriyyətə xidmətə görə inzanlara Nobel mükafatı verir. Ölkəmizdən yazıçı Orhan Pamukun 2006-cı ildə, Əziz Sancarın isə 2015-ci ildə bu mükafatı alması bizim üçün qürur mənbəyidir...

“Alov qüllələri”nə tamaşa edin və piti yeyin

Sovet İttifaqının dağılması ilə müstəqilliyini qazanmış Azərbaycan, ərazisindəki neft və təbii qaz ehtiyatları sayəsində böyük inkişaf yaşayır. London Dizayn Muzeyi tərəfindən “İlin Dizaynı” seçilmiş Heydər Əliyev Mərkəzinin binasının layihəsi məşhur İraq əsilli ingilis memar Zaha Hadidə məxsusdur. Mərkəz 2012-ci ildə istismara verilib. Memarlığı, Azərbaycan mifologiyasından Xəzər dənizinin yüksəlməsini əks etdirir. Gecə saatlarında saraydan səmaya yüksələn lazer şüaları fövqəladə mənzərə yaradır.

Bakının müasir simasını görmək istəyənlər şəhərin yeni rəmzi sayılan, özündə ofis, iqamətgah və oteli birləşdirən “Alov qüllələri”ni də səyahət siyahılarına əlavə etməlidirlər. Son səfərim zamanı məhz “Alov qüllələri”ndə yerləşən “Fairmont” hotelində qalmışam.

Sahildə yerləşən “Four Seasons Hotel” də yeni binadır. Amma o, memarlığı baxımından tarixin izlərini əks etdirir.

Bakı həm zəngin Azərbaycan mətbəxini, həm də yeni zövqlərə uyğun təamları dadmaq üçün geniş seçim təklif edir. Ənənəvi Azərbaycan mətbəxi üçün “Naxçıvan”, “Sumax” və “Şəki qalası” restoranlarına gedə bilərsiniz. Azərbaycan mətbəxindən fərqli ləzzətlər təqdim edən “Kotanlı”nın isə ən maraqlı tərəfi Qarabağ, Bakı, Şəki kimi Azərbaycanın şəhərlərinin adlarını daşıyan otaqlara sahib olmasıdır.

“Naxçıvan” restoranı və “Muğam Klubu”na musiqinin müşayiəti ilə ləzzətli yemək, “Şirvanşah Muzey” restoranına isə Azərbaycan ənənələrinə uyğun yemək üçün getmənizi tövsiyə edirəm.

Xəzər dənizindən tutulmuş balığın dadına baxmaq istəyirsinizsə, Bibiheybət qəsəbəsindəki çimərlikdə yerləşən “Nar&Şarab” restoranına gedin. Sırf yerli Azərbaycan mətbəxi üçün “Şəki” (eyniadlı şəhərin şərəfinə adlandırılıb) restoranı var. Oraya yollansanız, yerli ət yeməyi olan pitini dadmağı unutmayın.

UNESCO-nun Ümumdünya İrsi siyahısı

Yerli əhali tərəfindən “qədim şəhər” adlandırılan İçərişəhərin tarixi Paleolit dövründən başlayır. O, 2000-ci ilin dekabrında Şirvanşahlar sarayı və Bakının qədim rəmzi olan Qız qalası ilə birlikdə UNESCO-nun Ümumdünya İrsi siyahısına salınıb. Şirvanşahlar sarayı divanxana, məscid, xatirə türbəsi, Şah məscidi, Seyid Yahya Bakuvi Türbəsi, Böyük qapı, saray hamamı və su anbarından ibarətdir. 1964-cü ildən muzey kimi də fəaliyyət göstərən Şirvanşahlar sarayında böyük xalça kolleksiyası bölməsi də var.

Əsrlər boyu mayak, müdafiə qalası və rəsədxana kimi istifadə olunmuş Qız qalasının qədim Zərdüşt məbədi olduğu guman edilir. Onun 12-ci əsrdə inşa olunduğu deyilir. Qalanın altı ilə Şirvanşahlar sarayına keçid var.

Qız qalasının tarixinin şumerlərədək gedib çıxdığı iddia olunsa da, bir detal daha maraqlıdır: onun üstdən görünüşü ərəbcə Allahın 94-cü adı olan “Əl-Bəqi” şəklindədir.

1918-ci ilin 25 may-17 noyabr tarixlərində həyata keçirilmiş Qafqaz əməliyyatı zamanı Qafqaz İslam Ordusu Bakıya da girib. Bu, sentyabrın 15-də baş verib. O zaman Azərbaycan Qarabağ və Dağıstanı düşmən işğalından xilas edib. Həmin döyüşlərdə şəhid olmuş azərbaycanlı və türkiyəli əsgərlərinin dəfn edildikləri yer Şəhidlər Xiyabanı adlanır. Onun yaxınlığında Şəhidlər məscidi də var.

Xəzərin sahili boyu uzanan Bakı bulvarı 1909-cu ildə salınıb. Yaxınlıqda şair Nizami Gəncəvinin adını daşıyan, avtomobillərin girişinə bağlı olan təxminən 3,5 kilometrlik küçə isə sanki sosial həyat mərkəzidir. İçərişəhərə bitişik olan bu küçədə böyük ticarət mərkəzləri, mağazalar, restoranlar və istirahət parkları yer alır. O, bir Avropa küçəsidir...

Qız qalası əfsanəsi

Əfsanəyə görə, bir vaxtlar bu qala Xəzər dənizin sularına “bitişik” imiş. Qüllədə qardaşı tərəfindən həbsə atılmış qız yaşayırmış. O, özünü çox bədbəxt sayırmış. Bu qız sonda həbsxana həyatının əzabına dözə bilmir və özünü qaladan Xəzərə atır. Deyilənə görə, tikili bu üzdən Qız qalası adlanır.

Daha bir əfsənayə görə isə qalaya bu adı heç vaxt düşmən əlinə keçmədiyi üçün veriblər.

Üçüncü iddia da var. Qalanın adı əvvəlcə “Göz qalası” imiş. Uzun illər ərzində bu ad dildən-dilə keçib və sonda Qız qalası şəklini alıb.

Son illərdə bu qala və onun arxasında yerləşən meydan Novruz bayramı şənliklərinin keçirilmə məkanına çevrilib.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Hürriyet

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az