17.10.2021 17:41
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu”
 
13.10.2021
La Repubblica, İtaliya
 

  MÜSAHİBƏ| Azərbaycan Koreya şirkətlərini azad edilmiş ərazilərə çağırır
 
13.10.2021
The Korea Times, Cənubi Koreya
 

  VİDEO| Lahıcdakı yüksək ixtisaslı sənət
 
12.10.2021
Euronews, Aİ
 

  FOTO| Bakı: 10 mindən çox xalçanın nümayiş olunduğu muzey
 
12.10.2021
El Peruano, Peru
 

  Bakı Olimpiya Stadionu - Azərbaycanın incisi
 
12.10.2021
FUTDADOS, Braziliya
 

 
 
Qarabağsız 30 il: Azərbaycan xalqı müharibənin yaralarını sağaldır

 
 



NEWS.ru, Rusiya
11.10.2021


Müəllif: İqor Serebryanıy

İkinci Qarabağ savaşının ildönümü Azərbaycanda milli həmrəylik böyük ümid atmosferində qeyd olunub. Burada hamı anlayır ki, münaqişənin hərbi həlli otuz il ərzində ölkədən qoparılmış ərazilərin normal həyata qaytarılması üçün keçilməli olan uzun yolda yalnız ilk addımdır.

Qarşıda təkcə dağıdılmış infrastrukturun deyil, həm də bundan daha çətini – uzun müddətdir bir-birinə düşmən kimi baxan Azərbaycan və erməni xalqları arasında normal münasibətlərin bərpası durur. “News.ru”nun müxbirləri azərbaycanlıların otuz illik qarabağsızlıq dərdindən özlərinə necə gəldiklərinə şahidlik ediblər.

Yaralar sağalır

Azərbaycanın bir il əvvəl qaytardığı ərazilərin haradan başlandığını anlamaq üçün xəritəni öyrənməyə ehtiyac yoxdur. Ən yaxşısı elə Qarabağın özünə səfər etməkdir. Dağılmış kəndlər, nə üçünsə hələlik Bakıdakı Hərbi Qənimətlər Parkına aparılmayan vurulmuş tank – Bakıdan Şuşaya gedərkən yolboyu rastınıza məhz bu mənzərə çıxacaq. Bir neçə saatlıq yoldur.

Keçmiş təmas xəttindəki səngərlərə bir neçə kilometr qalmış ermənilərin uzun illər nəzarət etdiyi ərazilər görünməyə başlayır. Kiçik bir detal çox şeydən xəbər verir: birdən-birə yol nişanları yox olur. Nəzarət ediblərsə, bu, o demək deyil ki, qayğı göstəriblər: Qarabağı əhatə edən ərazilərin mənimsənildiyi üç onillik ərzində burada heç bir təsərrüfat işi aparılmayıb. Evlər tikilməyib, torpaqlar əkilməyib, üzümlüklər quruyub, qəbiristanlıqları isə ot basıb.

Rus pravoslav kilsəsinin Azərbaycandakı rəsmi nümayəndəsi Aleksandr Pominov fikirlərini “News.ru” ilə bölüşüb. Aleksandr ata burada doğulub-böyüyüb və azərbaycanlılarla ermənilərin qarşıdurmasını yaxşı xatırlayır. “Mən bir şeyi başa düşə bilmirəm. Axı din xadimləri sülhə xidmət etməlidir. Yaxşı, tutaq ki, siz bu torpaqları işğal etmisiniz. Bunu əsgərlər, separatçılar edib. Bəs dini abidələri, digər dinlərə aid binaları, mədəniyyət aibələrini niyə məhv edirsiniz? Otuz il idi bu ərazi işğal altında qalmışdı. Hər şey dağıdılıb. Məscidlərdə donuz saxlayıblar, kilsələrin quruluşu dəyişdirilib, məbədlərin qapıları bağlanıb. Niyə axı?”, - deyə keşiş heyrət içərisində sual verir.

Yol nişanlanları başa çatdıqdan bir qədər sonra ətrafda gözümüzə Azərbaycan dilində yazılar dəyir: “Diqqət, mina!”. Birdən dağıntıların sonunda qarşımıza neonla işıqlandırılmış supermüasir bina çıxır. Əvvəlcə elə bilirsən bu ilğımdır, yeni tikili bura hansısa başqa həyatdan düşüb. Sarı təpələrin arxasından boylanan Füzuli Beynəlxalq Hava Limanı ürək açmayan bir xarabalığın içərisindəki oazisi xatırladır. Amma hələlik. Terminal hələ tikilməkdə olsa da, uçuş zolağı artıq işləkdir və artıq biri yük, ikisi sərnişin təyyarəsi olmaqla üç reysi qəbul edib.

Yerli inşaatçılar “News.ru”nun müxbirlərinə danışırlar ki, hava limanının bünövrəsi doqquz ay əvvəl qoyulub. Çölün düzündə bütün infrastrukturu olan mürəkkəb bir obyektin belə sürətlə tikilməsi göstərir ki, Azərbaycanda azad edilmiş ərazilərin ölkənin qalan hissəsilə əlaqəsinin yaradılmasına böyük əhəmiyyət verirlər. Füzuli aeroportundan danışarkən isə söhbət həm də xariclə əlaqələrdən gedir, çünki bura Qarabağın hava qapısı olacaq.

Gələcəyin “kiçik işartısı”ndan sonra yol bizi yenidən indiki zamana, daha doğrusu yaxın keçmişə qaytarır. Füzuli və Şuşanın xarabalıqları uzaqdan qədim Romanın qalıqlarını xatırladır. Evlərin, məktəblərin, məbədlərin yanında getmiş döyüşlər müharibənin bütün nifrətini şəhərlərin dağıntılarına hopdurub…

Bəlkə də hansısa binanın hərbi zərurətdən dağıdıldığını demək olar, amma azərbaycanlılar mədəni abidələrə qarşı törədilmiş vandalizmə heç bir əsaslandırma tapa bilmirlər. Məsələn, Şuşada Bülbülün doğma evinin həyətində onun abidəsi var. Heykəlin üz hissəsində böyük bir dəlik açılıb – Azərbaycanın görkəmli opera müğənnisi, SSRİ xalq artistinin büstü avtomat silahlardan gülləbaran edilib. Lakin indi onun yanında yeni heykəl ucaldılıb və azərbaycanlılar Şuşaya qayıtdıqdan sonra güllələnmiş büstlə ev-muzeyə gələnlərə onu bu hala salan barbarların əməllərin xatırladır.

Hazırda Şuşada yaşayan əhalini barmaqla saymaq olar. Hələlik şəhərin əsas sakinləri inşaatçılar, hərbçilər və burada fəaliyyət göstərən mehmanxana və qoruğun əməkdaşlarıdır. Yerli sakinlərin bəzilərinin qayıtmağa evi, əksəriyyətinin isə hələlik iş yeri yoxdur.

Əlli iki yaşlı Yusif Mirzəyev 1991-ci ilin sentyabrında tərk etməli olduğu doğma evini görmək üçün may ayında Şuşadakı tikintilərdən birinə fəhlə düzəlib. O, ixtisasca mühəndisdir, hələlik şəhərdə başqa obyektləri tikir, öz evini bərpa etməyə imkanı çatmır. Yusif hər gün evinin yanına gəlir və ümid edir ki, gələn yay ailəsin Bakıdan buraya köçürə biləcək.

“Bu müddət ərzində mənim evimdə erməni diş həkimi yaşayıb, burada onun alətlərin tapmışam. Lakin o, burada “qonaq olduğu” müddətdə divar kağızlarını belə, yeniləməyib – 1977-ci ildə necə yapışdırmışdımsa, eləcə də qalıb. Hər yerdə belədir. Yaxşı, əgər siz bu torpağı özünüzünkü sayır və onun uğrunda döyüşürdünüzsə, nə üçün burada nəsə tikib-yaratmamısınız?”, - deyə Yusif bildirir.

Yusif xatırlayır ki, evi 1970-ci ildə tikilib və bura ta 1991-ci ilə kimi Mirzəyevlərin yuvası olub. Müharibədən cəmi bir neçə həftə əvvəl bu evdə toy olubmuş. Bu, Şuşada keçirilən son toy idi...

“Həyat gözəl idi! Yaxşı yaşayırdıq, qonaq-qara qəbul edirdik. Axı Şuşada səkkiz sanatoriya, turbaza var idi. Buraya Maqadandan belə, ruslar gəlirdi! Bax mən bu həyətdə oturub onların və öz qonşularımın səslərin eşidirəm. Onların mağazaya çörək almağa necə getdiyini görürəm”, - deyə Şuşa sakini söhbətə davam edir.

Həmin mağaza çoxdan yox olub. Lakin 2020-ci ilin dekabrında onun yerində yenisi açılıb. Satıcı Samir Məmmədov daha çox alimə oxşayır. Mağaza Azərbaycandakı bir çox kiçik ticarət nöqtələrindən onunla fərqlənir ki, burada həmişə bank kartları ilə ödəniş etmək mümkündür. Obyekt böyük gəlir gətirməsə də, Samir məyus olmur. Deyir ki, bu gün Qarabağda mağazaların heç biri gəlir xatirinə işləmir. Onları açırlar ki, rayonun normal həyata qayıdışında iştirak edə bilsinlər: “Heç kim gəlir güdmür. Bunu etmişik ki, burada xidmət edən hərbçilər və işləyən insanlar normal yaşaya bilsinlər”.

Ruh dirçəlir

Azərbaycan hökuməti doğma limana yan alan Qarabağda bərpa işlərinə, sosial və iqtisadi infrastrukturun yaradılmasına böyük vəsaitlər xərcləyir. Lakin Bakıda başa düşürlər ki, nə qədər çox pul ayrılsa da, məsələ yalnız maliyyədə deyil. Azərbaycanlılar üçün İkinci Qarabağ müharibəsinin başladığı gün gözüyaşlı qarşılanan bayramdır. Hərbi əməliyyatlar erməni tərəfinin nəzarətində olun torpaqların qaytarılması ilə bitsə də, münaqişə hər iki tərəfdən minlərlə insanın həyatına son qoyub.

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyyatda olan polkovniki bizimlə söhbətində deyir ki, ermənilərlə azərbaycanlılar arasında münasibətlərin normallaşdırılması üçün Ermənistanla iqtisadi əlaqələri qurmaq lazımdır. “Azərbaycanla birlirkdə yol, iqtisadiyyat, Naxçıvana və İrana tranzit məsələlərini həll etmək lazımdır. Hər kəs üçün sərfəli bir biznes başlamalıdır. Bakıda otuz min erməni yaşayır, qarışıq ailələr var. Ermənilər təkəbbürlərini bir qədər azaltsalar, yaxşı olar”, - deyə keçmiş hərbçi bildirir.

“Otuz il bütöv bir nəsil deməkdir. Bu dövrdə böyümüş azərbaycanlılar üçün Qarabağ həmişə qoparılmış ərazi olub. Lakin bu, o, demək deyil ki, insanlar ölkənin bölünməsinin acısını çəkməyib. Cərrahiyə əməliyyatlarından sonra olduğu kimi, yara dərhal sağalmır. Üstəlik, əgər söhbət bütöv bir xalqın ruhundan gedirsə”. Bunu isə bakılı politoloq Nigar Əlitalıbova deyir: “Əlbəttə ki, bunun yaxın bir-iki ildə həll olunacağını düşünmürəm. Yəqin ki, vurulmuş yaraların sağalması, biləvasitə yaxınlarımızın çəkdiyi acıların unudulması üçün nəsil dəyişməlidir. Biz də, onlar da bütün bunları adlaya bilsək, bəlkə nəsə alındı”.

Azərbaycanda müharibənin ildönümün xüsusi bir dəbdəbə ilə qeyd etməyiblər. Hər şey çox sakit təşkil olunub, lap insanların hansısa özəl günləri kimi. Rusiyadakı “Ölməz alay” yürüşünə bənzər yürüş və bir dəqiqəlik sükut. Bu, başa düşüləndir, çünki Qarabağ münaqişəsi hansısa abstrakt siyasi problem deyil, bütün azərbaycanlıların şəxsi işi idi.

“Mənim babam və nənəm Qarabağdan, Füzulidəndirlər. Münaqişə səbəbindən nə mən, nə də valideynlərim bu illər ərzində doğma torpağımıza gedə bilmişik. Mən o vaxtdan oralarda olmamışam. Bu, əlbəttə ki, ağrıdır, unudulmur. Ümid və xəyal edirəm ki, tezliklə ərazilər təmizlənəcək və mən də, gələcək də övladlarım da doğma torpağımıza gedə biləcəyik”, - deyə Nigar Əlitalıbova bildirir.

Müharibənin başlamasının ildönümündə Heydər Əliyev Fondu savaşda həlak olmuş Azərbaycan əsgərlərinin sayına uyğun olaraq, havaya üç min fənər uçurdub. Külək fənərləri Xəzər dənizinə tərəf apardıqca onlar qaranlıq səmaya səpələnmiş ulduzlara bənzəyirdi. Bu mənzərəni “Qarabağ bürcü” də adlandırmaq olardı.

Azərbaycan xalqı ermənilərə nifrət yağdırmır – qonşulara qarşı kin saxlamamaq üçün hərənin öz əsaslandırması var. Qarabağ münaqişəsinin həmyaşıdı olan 28 yaşlı Bakı sakini Günel hesab edir ki, barışıq mümkündür, lakin hətta siyasi barışıq olsa belə, müəyyən natamamlıq qalacaq.

“Mən çox istərdim ki, biz doğrudan da barışaq, çünki ermənilər də pis xalq deyil. Onlar da bizim kimidir – oxşar ənənələr, yeməklər, rəqslər. Bir sözlə, hər şey çox bənzərdir. Yaxşı olardı ki, biz rahat ünsiyyət quraq, onlar Azərbaycana gəlsinlər, biz Ermənistana gedək. Mən buna sevinərdim. Mənim tanıdığım etnik ermənilər var idi, onlar da eynilə bizim kimi idi, bizim aramızda heç bir ədavət yoxdur, biz çox yaxşı yola gedirdik”, - deyə Günel bildirir.

İndi ermənilərlə azərbaycanlıların münasibətlərinin ən qaranlıq səhifələrindən birini çevirə biləcəklərinə ümid var. Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduqlarını bəyan edir. Nazirliyin açıqlamasında bildirilir ki, Bakı beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərinə əsaslanmaqıa, ikitərəfli əlaqələri bərpa etmək niyyətindədir. Ermənistanın baş naziri Nikol Paşinyan da öz növbəsində təsdiqləyib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüşə mina sahələrinin xəritələrini gətirə bilər.

Hətta müharibə nəticəsində doğma evindən didərgin düşmüş Yusif Mirzəyev belə, qisas hissi ilə yaşamır. Onu daha çox ailə ocağını bərpa etmək düşündürür və o əmindir ki, bunu edə biləcək. Özü olmasa da, övladları edəcək.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: NEWS.ru

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az